Xaricdəki bu şəxslərə Azərbaycandan gizli pul ötürülür – Polkovnikdən şok iddia

Azərbaycanla bağlı həssas dönəmlərdə ölkəmizə xaricdən informasiya hücumları edilir. Xarici xüsusi xidmət orqanlarının təsirində olan agentura şəbəkəsi indi də fəallaşıb. Xüsusi xidmət və hüquq mühafizə orqanları, əsasən də DTX, onun rəhbəri barədə gözdənsalma kampaniyasına start verilib. Xaricdən yayımlanan və iddialara görə, elə xaricdən də maliyyələşən bəzi internet kanalları bu istiqamətdə can-fəşanlıq edirlər.

Bu proses DTX-nın Ermənistana, İrana ardıcıl kəşfiyyat zərbələri vurduğu dövrlə eyni vaxtda gedir.

DTX-nın xüsusi əməliyyatları Ermənistanla, İranla məhdudlaşmır. Bir sıra Avropa ölkələrindən, Qərbdə ofisi olan beynəlxalq təşkilatlardan ölkəmizə qarşı yönəlmiş təxribatların qarşısının alınmasında bu qurum, onun rəhbərliyi, əməkdaşları olduqca önəmli rol oynayır.

Maraqlıdır, bəzi azərbaycanlı blogger və sosial şəbəkə fəalları DTX-nın timsalında Azərbaycan dövlətini hədəf götürərək nəyə nail olmağa çalışır?

Bu proses təsadüfdür, yoxsa, təşkil olunmuş kampaniyadır?

İlham İsmayıl

Globalinfo.az-a danışan təhlükəsizlik üzrə ekspert İlham İsmayıl deyib ki, son iki ildə xarici ölkələrdən yayımlanan internet kanalları vasitəsilə Azərbaycan dövləti hədəfə alınıb:

“44 günlük müharibədəki qələbəmizdən sonra bu istiqamətdə antiazərbaycan fəaliyyəti daha da  genişlənib. Konkret olaraq son günlər böyük Britaniyadan yayımlanan “AzərFreedom” internet kanalının DTX rəisi Əli Nağıyevi hədəfə alması dövlətçiliyimizə qarşı fəaliyyətin tərkib hissəsi kimi dəyərləndirilməlidir. Bu istiqamətdə adıçəkilən kanalın canfəşanlığı İran casuslarının DTX tərəfindən ifşa olunmasından sonra xüsusilə artıb. İrandakı səfirliyimizə edilən terror hücumunda Azərbaycan tərəfini günahlandıran, vətən xainlərini müdafiə edən, ölkəmizdə İrana məxsus  internet kanallarının yayımın əngəllənməsinə qarşı çıxan bu “kanal”ın sahibi də zamanında vətənə xəyanətdə ittiham olunan bir şəxsdir.

Qeyd etmək lazımdır ki, bu işi görənlərin təkcə xarici ölkələr tərəfindən deyil, eyni zamanda Azərbaycanın özündən də maliyyələşməsinə dair şübhələr var.

Hesab edirəm ki, DTX bu istiqamətdə əməliyyatlar keçirsə yaxşı olar. Təəssüf ki, bu kanallara qarşı Azərbaycanın həm dövlət mediası, həm də özünü müstəqil elan edib, dövlət tərəfindən maliyyələşən internet resursları mübarizə aparmır. Hətta yeri gələndə onların yandaşlarına efir vaxtı tanıyırlar. Hesab edirəm ki, bu istiqamətdə ayrıca internet telekanalı yaradılmalıdır. Bu cür kanalların yalanları ifşa edilib həqiqət ortaya qoyulmalıdır. Bundan başqa, beynəlxalq dərəcəli vəkillər vasitəsilə terroru dəstəkləyən, fərdi qisasçılığı təbliğ edən bu kanallar məhkəməyə verilməlidir. Mətbuatla əlaqəli dövlət qurumları ictimai təşkilatlar bu məsələlər ilə bağlı təlimatlandırılmalıdır”.

Turan Rzayev

Globalinfo.az