Xanlar Vəliyevdən “Tərtər işi” haqda ŞOK AÇIQLAMALAR

“Tərtər işi” bağlı məsələlər gündəmdən düşmür. Sosial şəbəkələrdə, xəbər saytlarında müzakirələr, yazılar davam edir. Bu günlərdə məsələ Milli Məclis səviyyəsinə qalxmış, orda müzakirələr zamanı deputatlar keçmiş Baş prokuror Zakir Qaralovu, hazırkı hərbi prokuror Xanlar Vəliyevi tənqid edərək günahı olmayan hərbiçilərin qanunsuz, heç bir əsas olmadan məsuliyyətə cəlb edildiklərini, onlara işgəncələrin verildiyini bildiriblər. Millət vəkilləri hərbi prokuror Xanlar Vəliyevin üzr istəməli olduğunu bildirmişdilər.

Globalinfo.az Respublikanın hərbi prokuroru Xanlar Vəliyevin sözügedən  mövzu ilə bağlı manset.az-a müsahibəsini təqdim edir:

– Milli Məclisdə “Tərtər işi” ilə bağlı sizə qarşı ittihamlar səsləndirilir, sizi tənqid edirlər, bu barədə nə deyə bilərsiz?

– Bu barədə kimlər danışırsa, hansı deputatlar məni ittiham edirsə, onlardan soruşun, heç nədən xəbəri olmadan, başı bir şeydən çıxmadığı halda niyə danışır?

– Bəs siz bir vaxtlar Tərtər hadisələrini “nağıl” adlandırırdız, nə baş verir? İndi reallığa çevrilib?

– Mənim dediklərimi təhrif edirlər. Mən “Tərtər işi”ni “nağıl” adlandırmamışam. Mən nağıl onu demişəm ki, mənə suallar verirdilər ki, hərbi prokurorluq əməkdaşları hərbçiləri döyürlər, incidirlər, işgəncə verirlər, mən bunu nağıl adlandırmışam. Heç kəs deyə bilməz ki, hərbi prokurorluq əməkdaşları mənə təzyiq edib, döyüblər. Heç prokurorluq əməkdaşları kimisə təhqir də etməyiblər. Bu ola da bilməz.

– Bəs Milli Məclisdə deputatlar tələb edirlər ki, siz üzr istəməlisiz?

– Mən niyə üzr istəməliyəm?! Hansı səbəbə?! Kim bunlar barədə danışır ondan soruşun niyə? Heç nədən xəbəri olmadan danışanlara sözüm yoxdur. Sağ-salamat olsunlar.