Xanlar Vəliyev məsələsi ciddiləşir, Anar Kərimovun işdən çıxarılmasının gerçək səbəbləri – Sensasion məlumatlar

Ötən gün Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbovun vəzifəsindən azad edilməsi, daha sonra bu gün Mədəniyyət naziri Anar Kərimovun işdən çıxarılması ölkənin siyasi məkanında xeyli maraqlı proseslərin getdiyini deməyə əsas verir.

Globalinfo.az-ın etibarlı mənbələrdən əldə etdiyi məlumata görə, artıq start götürən böyük kadr islahatları bununla yekunlaşmayacaq və dövlətçiliyimizin möhkəmləndirilməsi baxımdan daha bir neçə zəruri addım atılacaq.

Dünyada gedən geosiyasi proseslər, dəyişən reallıqlar, qonşularının Azərbaycanın daxili işlərinə qarışmaq cəhdləri, eləcə də Qarabağla bağlı həlledici mərhələyə qədəm qoyulması müəyyən radikal qərarların verilməsini zəruri edir. Şübhəsiz ki, Prezident İlham Əliyevin “Nəyi, necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm” doktrinası bu dəfə də özünü ən yaxşı tərəfdən göstərir. Azərbaycan üçün başağrısına çevriləcək proseslərin əsas qismi belə sakit şəkildə, heç bir xaos, gərginlik müşahidə olunmadan yekunlaşdı.

Lakin əldə etdiyimiz sensasion məlumatlar onu deməyə əsas verir ki, yaxın müddət ərzində daha bir neçə yüksək vəzifə sahibi işdən çıxarılacaq. Yola salınacaq şəxslərdən birinin son vaxtlar adı tez-tez “Tərtər işi”ndə hallanan Hərbi prokuror Xanlar Vəliyev olacağı ehtimal edilir. Xüsusən millət vəkili Zahid Orucun parlamentdə çıxışı zamanı Hərbi Prokurorluğu sərt şəkildə tənqid etməsi, hətta bu qurumun ləğvi ilə bağlı təklif səsləndirməsi gedişatın hansın istiqamətdə olduğunu müəyyən etməyə zəmin yaradır.

Prezident İlham Əliyevin kadr siyasəti yalnız “köhnələr”lə bağlı deyil. Burda əsas məsələ yarıtmaz fəaliyyət göstərən, sadə insanları dövlətdən narazı salan, korrupsiyaya qurşanan, meşşan həyat tərzi keçirən məmurları idarəetmədən kənarlaşdırmaqdır. Dekabrın 22-də vəzifədən çıxarılan Anar Kərimov yeni nazir idi. O, vəzifəyə 2021-ci ilin 5 yanvarında təyin edilmişdi. İki ilinin tamam olmasına az qalmış, Prezidentin müvafiq sərəncamı ilə işdən azad edildi. Mədəniyyət Nazirliyindəki yeyinti və korrupsiya çetesi iş başındadır. Əbülfəs Qarayevdən sonra bu nazirlikdə hər şeyin normal olacağını gözləmək, sən demə, əbəs imiş. Anar Kərimovun və komandasının korrupsiya bataqlığında qərq olması ona az qalsın azadlığı bahasına başa gələcəkdi. Vəzifəyə keçəndən az sonra Bakıda milyonlarla qiyməti olan mülklər almaq, ailə üzvlərinə bahalı əmlaklar hədiyyə etmək, eyş-işrət alidəçiliyi, işinin öhdəsindən gələ bilməmək çiçəyi burnunda nazirimizi bitirən əsas amillər olub. Hələlik sabiq nazir ucuz qurtulub. Gerisini bilmək olmaz…

Xanlar Vəliyevə gəldik isə… O, “Tərtər işi”nə görə hədəfə gəlsə də ortada başqa məqamların da olduğu deyilir.

Dövlətin, qalib ordunun adına ləkə olan, xain planla hazırlanmış “Tərtər işi” generalitetin böyük səhvi, bağışlanmaz günahıdır. Ölkə rəhbərinə yanlış məlumatlar verilərək belə bir dəhşətli cinayətə yol verilməsinə göz yummaq X.Vəliyevin başını hələ çox ağrıdacaq. Və o, tək deyil. Keçmiş baş prokuror Zakir Qaralovun da adı onunla eyni məsələdə hallanır. Zahid Oruc hər iki generala müraciət edərək Prezidentdən, “Tərtər işi” qurbanlarından, xalqdan üzr istəmələrini təklif etmişdi. Vəliyevlə Qaralovun üz qaraldan əməllərə görə canlarını üzrlə qurtaracaqları heç inandırıcı görünmür.

Xanlar Vəliyevlə toxunulursa, onunla bağlı sərt addımlar atılırsa, demək, ardı olacaq. Proses bir-iki nəfərlə yekunlaşmaya bilər. X.Vəliyev hakimiyyətdə böyük qruplaşmalardan birinin aparıcı üzvlərindəndir. Bu qruplaşmaya xeyli sayda toxunulmaz şəxslər daxildir. Vasif Talıbov nümunəsi göstərdi ki, Prezident İlham Əliyev üçün toxunulmaz şəxs yoxdur. Dövlətin mənafeyi tələb edəndə, xalqın təhlükəsizliyi mövzu olanda istədiyinə toxunur. Vasif Talıbovla müqayisədə Xanlar Vəliyev çox kiçik fiqurdur. Hələ daha yekələri var ki, onların da zamanı yetişib. Bu gün adları mediada ən müxtəlif mövzularda gündəmə gətirilən məmurlar var ki, yaxın günlərdə onların da fərmanını oxuyacağıq.

Azərbaycan yeni mərhələyə qədəm qoyub. Bu mərhələdə Prezidentə, onun yürütdüyü siyasətə mane olan, xəyanət yolu tutan, dövlətin mənafeyi, xalqın maraqları əksinə gedən istənilən məmur, keçmişdəki xidmətindən, tutduğu postdan asılı olmayaraq, vəzifədən çıxarılacaq, qanunla cəzalandırılacaq. Yoxsa bu təlatümlü dünyada, çətin mərhələdə dövlət adlı gəmini idarə etmək çox çətin olar. Kapitan gəminin içindəki xəyanəti, əliəyriliyi aradan qaldırmadan onu quduz dalğalardan, aysberqlərdən qoruya bilməz.

Globalinfo.az 
Xəbər Xidməti