Xankəndini yanvarın 1-dən tez təhvil ala bilərik – ermənilər şəhəri sürətlə boşaldır…

Ermənilər Qarabağın digər əraziləri kimi Xankəndini də kütləvi şəkildə tərk edir. Artıq şəhərdə keçmiş separatçı rejimin “hərbçiləri”, “polisləri” qalmayıb. Vəziyyət belə olan təqdirdə sual yaranır: Xankəndini təhvil almaq yanvarın 1-dən tez ola bilər?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, təəssüflər olsun ki, bəzi insanlar siyasi məsələlərə mövqe bildirərkən qeyri-peşəkarlıq göstərir:

“Sanki bir filmin içərisindəyikmiş kimi hər şeyin dərhal olmasını istəyir. Bu gün Azərbaycan polisi, hərbçiləri Xankəndidə dolaşır. Nəzarət bizdədir. Lakin bu yenə də bütün hər şeyin sona çatdığını demək üçün erkəndir.

Tural İsmayılov

Ermənistan hazırda ermənilərin Qarabağdan köçünü dünya ictimaiyyətində fərqli şəkildə təqdim edir. Bizim onları qovduğumuzu iddia edib, hadisəni etnik təmizləmə kimi təqdim etməyə çalışır. Bu istiqamətdə açıq şəkildə bizə qarşı təzyiqin olmasını istəyirlər.

Belə olan təqdirdə diqqətli olmalıyıq, ehtiyatı əldən verməməliyik. Haqlı ikən haqsız duruma düşə biləcəyimizi unutmamalıyıq. Bu günün reallıqlarına uyğun şəkildə Xankəndiyə tam nəzarəti bərpa etməyimiz üçün səbirlə, təmkinlə gözləməliyik.

Diplomatik sferada hər şey fərqli ola bilir. Cəbhədə qazanılan bir çox savaş diplomatik masada nəticəsiz qala bilər. Hər şey vahid plan və hədəf üzrə icra edilir. Hesab edirəm, səbirli olmalı, təmkinli davranmalıyıq”.

Turan Rzayev
Globalinfo.az