Azərbaycanın Xankəndi ilə bağlı iki planı – Ən uyğunu budur

Azərbaycan Laçın dəhlizində nəzarət buraxılış məntəqələri və ya ən azından dəhliz boyu hərəkəti müşahidə etmək üçün cihazların quraşdırmasını tələb edir. Separatçıların son təxribatları fonunda Bakının bu tələbləri kifayət qədər ciddi bir hal alıb. Hətta bu istiqamətdə Azərbaycanın antiterror əməliyyatına başlaması da istisna edilmir.

Maraqlıdır, Xankəndi antiterror əməliyyatları sırasında işğaldan azad edilə bilərmi? Xankəndini Azərbaycanın yurisdiksiyasına keçirmək üçün addım atılsa, bu, dünya ictimaiyyəti tərəfindən necə qarşılanar?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Tural İsmayılov deyib ki, Azərbaycan gec-tez Laçın dəhlizinə nəzarət-buraxılış məntəqələri yerləşdirəcək:

“Separatçıların son təxribatları və Ermənistandan alternativ yollar vasitəsilə Azərbaycana silahları qeyri-qanuni daşıması faktı bunu zəruri edir. Lakin bunun reallaşmasında heç də bütün ölkələr maraqlı deyil. Xüsusilə Ermənistan və onun havadarları olan Rusiya ilə İran prosesə mane olmaqda qərarlıdırlar. Bununla belə bu gün Azərbaycanın belə bir haqqı var və bu addım beynəlxalq hüquqa uyğundur.

 

Prinsip etibarilə rəsmi Bakı heç bir ölkənin ərazi bütövlüyünü pozmur və ya hansısa ərazini işğal etmir. Qeyd edilən ərazi Azərbaycanın beynəlxalq hüquq ilə tanınan əraziləridir. Azərbaycan öz ərazilərində istədiyi tədbirləri görməkdə sərbəstdir. Heç bir ölkə buna qarışa bilməz”.

Politoloqun sözlərinə görə, xarici ölkələr Azərbaycanda erməni separatizmini gücləndirərək ermənilərin cəmiyyətimizə inteqrasiyasının qarşısını almaq istəyirlər:

“Azərbaycan bu günə qədər bir çox məsələni dinc yolla həll etməyə çalışıb. Bu gün də bu belədir. Lakin separatçıların silahlandırılması və inteqrasiya prosesini baltalanması Bakının göz yumacağı məsələ deyil. Hesab edirəm bütün bu neqativ halların qarşısını birdəfəlik almaq üçün antiterror əməliyyatlarına başlanılmalıdır”.

Turan Rzayev

Globalinfo.az