Xankəndidəki futbol matçına ermənilər… – Siyavuş Novruzov

Bu gün Ali Baş Komandan topa atəş əmri vermir, bu gün Ali Baş Komandan futbolda topa vurur.

Globalinfo.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında parlamentin Regional məsələlər komitəsinin sədri Siyavuş Novruzov deyib.

Deputat deyib ki, bu gün Xankəndidən top səsləri yox, yenidənqurma səsləri gəlir: “Antimilli qüvvələr yenə də öz ağalarının tapşırığı ilə addımlar atmaqla məşğuldur. İnsanların sevincinin həddi-hüdudu olmayan dövrdə onlar başqa dövlətlərə müraciət edir ki, Azərbaycana sanksiya tətbiq etsinlər. Bu cür hərəkəti heç ermənilər etmir, heç erməni parlamentində etmirlər. Dünən Xankəndidə futbol oyununa ermənilər, xaricdə Fransa sevinmirdisə, daxildə də o qüvvələr sevinmirdi. Prezidentin hər atdığı addım dünyaya da, onlara da mesajdır ki, Azərbaycan müstəqil dövlətdir və Azərbaycanın işinə heç kim qarışa bilməz”.

Deputat Fazil Mustafa qeyd edib ki, Xankəndidə Prezident İlham Əliyev topa vurduğu zərbəylə ABŞ və Fransadan “topun içinə doldurulmuş hava”nı dağıtmağa qadir olduğunu göstərdi: “Realist düşünən ermənilər də anlayır ki, Fransa, ABŞ, istərsə də digər ölkələrin Ermənistana dəstəyi sözdən başqa bir şey deyil. Onlar yardım göndərdi, Ermənistana çatdıra bilmədilər, qətnamə qəbul etdilər, yerinə yetirə bilmədilər”.