Xankəndidəki gizli yollarla bağlı yeni gəlişmə – Keçmiş alay komandiri bunları dedi

Qarabağ qazisi, ehtiyatda olan polkovnik Azay Kərimov Xankəndidən Laçın istiqamətinə əsas yoldan əlavə, daha 2 yol çıxdığını deyib.

Birinci Qarabağ müharibəsində Malıbəylidə könüllü tabor komandiri, Şuşada kəşfiyyat rəisi olan Azay Kərimov bu səbəbdən həmin gizli yollara bələd olduğunu bildirib:

“Biri ilə Xocalı rayonunun Kosalar kəndinin arxa tərəfindən Qırxqız dağının, Meşəli kəndinin yanından keçib Laçının Arduclu kəndinə çıxmaq olur. Bu, keçmişdən qalan at, araba yolu idi. Digər asfalt olmasa da, sanki təbiətin özünün yaratdığı, qışda-yazda palçıq olmayan daş avtomobil yolu isə Xankəndidən əvvəlcə Kərkicahan kəndinə çıxır, 1 km-dən sonra Xəlifəli, sonra isə Şırlan kəndi gəlir. Şırlan kəndindən çıxan kimi isə yol ayrıcı var. Biri sağa – Laçının Arduşlu kəndinə, oradan da Laçına çıxır. Sol tərəfə burulanda isə təxminən 1 km-dən sonra Laçının Fingə kəndinin yaxınlığına, oradan da təxminən 500 metrdən sonra Xankəndi-Şuşa-Laçın yoluna, yəni Şuşanın Turşsu qəsəbəsinin alt hissəsinə – asfalt yola çıxmaq mümkündür. Bu marşrut isə heç bir maneə olmadan Şuşanın Onverst, Kiçik və Böyük Qaladərəsi kəndlərindən keçən yeni çəkilmiş alternativ yolla düz İrəvana kimi gedir”.

Məsələ ilə bağlı Laçın alayının keçmiş komandiri Arif Paşa Globalinfo.az-a açıqlaması zamanı Azay Kərimov sözlərini təsdiqləyib:

“Azay Kərimovun dedikləri doğrudur. Xəlifəli, Şırlan, Səfixanlar, Xanalılar kəndləri ərazisindən Laçın-Şuşa yoluna nisbətən rahat və işlək yol var. Bu yol ən çox istifadə olunan yol ola bilər və o ərazi hökmən nəzarətə götürülməlidir.
Bizim vətəndaş cəmiyyətinin üzvləri Laçın rayonunda aksiya keçirirlər. Bu insanların fədakarlığını yüksək qiymətləndirirəm. Aksiya başlayandan onları sosial şəbəkədə dəstəkləyirəm. Çünki qışın şaxtasında bu qədər əziyyətə qatlaşırlar”.

O bildirib ki, aksiyaçıların toplaşdığı yerdən təqribən 50-60 km daha içəridə Ermənistan ərazisinə keçən yollar var:

“Azay Kərimov bunu düzgün qeyd edib. O, kəşfiyyatçıdır, həmin əraziləri yaxşı tanıyır. Mənim dediyim ən optimal yolu o da qeyd edib. Biz orada nə qədər yol qoysaq da onlar bir yol tapıb gedəcəklər. Bütün bu proseslər onu deməyə əsas verir ki, Azərbaycanın sərhədində öz gömrük postu və nəzarət buraxılış məntəqəsi ordumuz tərəfindən qoyulmalıdır. Çünki indi bu açıq qapıdır. İnsanlarımızın əziyyətini yerə vurmamaq üçün bunu etməliyik. Əks halda, aksiyaçıların fəaliyyəti nəticəsiz olacaq. Bu məsələnin siyasi və mənəvi tərəfidir”.

A.Paşa qeyd edib ki, insanlarımızın tələblərinə məhəl qoyulmadı, Volkov gəlib görüşmədi:

“Orada eko-terror yaradıblar. Biz nə etsək də dünya ermənipərəst mövqedən çıxış edib bizi qınayır. Eyni zamanda, həmin yoldan humanitar dəhliz kimi istifadə olunur. Bizim bu nəcib hərəkətimizi nə Ermənistan, nə də ermənipərəst Fransa anlamırsa, Azərbaycan kəskin mövqe sərgiləməlidir. Ermənilər silah daşınması üçün yolun açılmasında bu qədər israrlıdır. Hesab edirəm ki, o yol bağlanmalıdır. Azərbaycan birmənalı şəkildə anti-terror əməliyyatı keçirməli, oranı erməni tör-töküntülərindən təmizləməlidir ki, bizim bu insanların fədakarlığının nəticəsini görə bilək”.

Gülnar Səlimova
Globalinfo.az