Xankəndidə vəziyyət daha da pisləşəcək – Separatçılar çıxılmaz durumda

Xankəndidə separatçı rejimin parlament spikeri Artur Tovmasyan Araik Arutyunyanı istefaya çağırıb. A.Tovmasyan erməni vətəndaşların ona inamının qalmadığını əsas gətirib. Bir neçə gündür Araikin “vəzifəsindən” göndəriləcəyi, yerinə Samvel Babayanın gələcəyi, onun Azərbaycanla təmaslara müsbət baxdığı müzakirə edilir.

“Spikerin” bu müzakirələr fonunda Arutyunyanı istefaya səsləməsi necə dəyərləndirilməlidir? Yaxın zamanda separatçı rejimdə ciddi hərəkətlilik görə bilərikmi?

Mövzunu Globalinfo.az-a şərh edən politoloq Samir Hümbətov bildirib ki, Xankəndidə vəziyyət daha kritik hal alacaq:

“Araik Arutyunyan və Samvel Babayan bizim üçün prioritet şəxs deyillər. Azərbaycanın əsas məqsədi ərazidə qalan separatçı rejimin tamamilə sıradan çıxarılmasıdır. Orada yaşayan sıravi ermənilər Azərbaycan vətəndaşı olaraq bizim qanunlarımız çərçivəsində həyatlarına davam etsinlər. Biz silahlı dəstələr və separatçı ünsürlərin bölgədən yığışdırılmasına çalışırıq. Azərbaycan üçün prioritet budur.
Laçın yolunda sərhəd-buraxılış məntəqəsinin qurulmasından sonra orada bu kimi problemlərin yaşanacağı gözlənilən idi. Hesab edirəm ki, yaxın zamanda separatçı rejimin əsas nümayəndələri arasında gərginlik daha da artacaq. Bir-birilərinin ünvanına ittihamlar səsləndirmək onlar üçün adi hala çevriləcək. Vəziyyətin daha da kritik olacağı gözlənilir”.

Politoloq ərazidə qalan separatçı ünsürlərin də taleyindən söz açıb:

“Nəzarət-buraxılış məntəqəsinin yerləşdirilməsindən sonra əraziyə kənardan xidmət etmək üçün hərbçi gətirə bilmirlər. Orada qalanlar da xidməti başa vuraraq Ermənistana qayıdacaqlar. O zaman vəziyyət aydınlaşacaq. Bu, separatçı ünsürlər arasında gərginliyin yuxarı həddə çatmasına səbəb olacaq. Qarabağda yaşayan sadə erməni vətəndaşları isə hərbi xidmətdən çəkinəcəklər. Bütün bunlar mərhələli şəkildə baş verəcək. Nəticədə terrorçu ünsürlər təslim olacaq, separatçılar isə Azərbaycana tabe olmaq məcburiyyətində qalacaqlar”.

Ayşən Mustafa
Globalinfo.az