Xankəndidə paraddan sonra nələr olacaq? – Politoloq açıqlayır

“Xankəndidə baş tutacaq Zəfər paradı növbəti tarixin başlanğıcıdır”.

Bunu politoloq Qabil Hüseynli Globalinfo.az-a açıqlamasında deyib.

O bildirib ki, bu parad dosta güvən, düşmənə qorxu salacaq:

“Amma həm də regionda sülhün zəruriliyini göstərəcək. Təəssüf ki, sülh heç də hər zaman dinc yolla olmur. Bəzən sülhün əldə edilməsi üçün hərb variantına əl atmaq lazımdır.

Hesab edirəm, qarşıda bizi mühüm hadisələr gözləyir. Xüsusilə işğaldan azad edilən ərazilərin bərpası, habelə böyük qayıdış siyasətinin şahidi olacağıq. Xankəndiyə qayıdış bu mərhələdə çox mühüm hadisə olacaq. Yəni paraddan sonra Xankəndidə sürətli yenidənqurma və qayıdışın şahidi ola bilərik.

Qabil Hüseynli 

Əslində, Xankəndinin nəzarətimizə keçməsindən sonra burada Azərbaycan dövlət qurumlarının bir çoxu fəaliyyətini bərpa edib. İnzibati idarəetmənin tam təmin edilməsi üçün şəhərə başçı təyin ediləcək. Bu şəxsin kimliyi hələlik bəlli olmasa da, Prezidentin ən layiqli insanı təyin edəcəyi şübhəsizdir”.

Turan Rzayev
Globalinfo.az