Azərbaycan Prezidentinin Qarabağ İqtisadi Regionu üzrə Xüsusi Nümayəndəliyinin baş məsləhətçisi Araz İmanovun Xankəndidən paylaşımı birmənalı qarşılanmır. Onu tənqid edənlər də var, təqdir edənlər də.
Mövzu ilə bağlı Globalinfo.az-a danışan AĞ Partiyanın sədri Tural Abbaslı şəkil paylaşmaqda heç bir yanlışın olmadığını deyib:
“Araz İmanov səlahiyyətli şəxsdir. Onun Xankəndidən Azərbaycan bayrağı ilə şəkil çəkib paylaşmasında heç bir problem yoxdur. O nəinki Xankəndi, Qarabağın istənilən ərazisindən bunu edə bilər. Çox istərdim ki, hər bir Azərbaycan vətəndaşı tez bir zamanda Qarabağ torpaqlarından foto paylaşsın”.
Tural Abbaslı
T.Abbaslı deyib ki, belə bir addıma görə azərbaycanlıları qınamaq olmaz:
“Hələ bu ermənilərin “Biz və bizim dağlar” abidəsinin önüdürsə, iki qat xoş xəbərdir. Niyə də olmasın? Nədir, istəyirdilər ki, ermənilər gəlib “Alov” qüllələrinin qarşısında şəkil çəkdirsinlər? İnşallah gün o gün olsun ki, Zəngəzurda belə şəkil çəkdirək. Sosial mediada bəzi insanlar fərqli fikir bildirirlər, tənqid edirlər, amma o yerlərdə şəkil çəkilməsi üçün 200-ə yaxın şəhid verdik, onlarla qazimiz var. Orada şəkil çəkdirmək bizim haqqımızdır”.
Zaira Akifqızı
Globalinfo.az