Xankəndi yolunda müzakirə: ermənilər azərbaycanlılara deyir ki… – EKSKLÜZİV

“Hazırda Ağdam şəhərindəyəm. Qeyd edim ki, iki gündür gətirdiyimiz ərzaq yardımı gözləmədədir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında Azərbaycan Qızıl Aypara Cəmiyyətinin prezidenti Novruz Aslanov deyib.

O bildirib ki, Qızıl Aypara Cəmiyyətinin işçiləri, könüllülər yükü təhvil vermək üçün Ağdam-Xankəndi yolundadırlar:

“Hazırda təhvilvermə mexanizmləri müzakirə olunur. Bir neçə variantımız var, amma nəticə yoxdur. Bunun səbəbi də odur ki, Xankəndidəki ermənilər razılıq vermək istəmir və ya hər hansı bir merkantil prinsiplər üzərində fikir söyləyirlər. Hesab edirəm, biz öz işimizə davam edəcəyik və missiyamızı yerinə yetirmək əzmindəyik.

Biz Ağdam-Xankəndi yoluna xoş niyyətlə, humanizm məramı ilə gəlmişik. Bizi nə qədər tez anlasalar, onlar üçün o qədər yaxşı olar. Biz yardım əlimizi uzadırıq. Onlar yardımımızı qəbul etmək istəmirlərsə, bu artıq onların günahıdır”.

Novruz Aslanov

N.Aslanov deyib ki, ərzaq yardımını qəbul etməyən ermənilər özlərini pis vəziyyətə salırlar:

“Çünki bütün dünya birliyi bu prosesi görür. Bundan böyük rəzalət nə ola bilər?! Bir halda ki Qızıl Aypara Cəmiyyəti yardım gətirir, onlar da bundan imtina edirlər… İndi çıxıb beynəlxalq aləmə imtina səbəblərini desinlər.

Əgər sənin doğrudan da ehtiyacın varsa, niyə gətirdiyimiz yardımı qəbul etmirsən?! Yox, ehtiyacın yoxdursa, o zaman hansı səbəbdən manipulyasiya edirsən? Azərbaycan Qızıl Aypara Cəmiyyəti respublikada heç bir siyasi proseslərə qoşulmayan təşkilatdır, Beynəlxalq Qızıl Xaç Komitəsinin və Aypara Hərəkatının tərkib hissəsi olaraq oradayıq. Ən azından neytral təşkilat olduğumuz üçün yardımlaırmızı qəbul edə bilərdilər”.

Zaira Akifqızı
Globalinfo.az