Xankəndi yolu: Aksiya gecə saatlarında da davam edir

Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarının dayandırılmasını, “Qızılbulaq” və “Dəmirli” yataqlarında monitorinqin keçirilməsinə icazə verilməsini tələb edən azərbaycanlı könüllü gənclərin və ekofəalların Şuşa ərazisindən keçən Laçın-Xankəndi yolunda keçirdikləri etiraz aksiyası gecə saatlarında da ruh yüksəkliyi ilə davam edir.

Globalinfo.az xəbər verir ki, aksiya iştirakçıları bu dəqiqələrdə fəallıq göstərir, Azərbaycan cəmiyyətinin haqlı tələblərinin yerinə yetirilməsini istəyirlər. Onlar ekoloji terrorun dayandırılması ilə bağlı Azərbaycan, ingilis və rus dillərində şüarlar səsləndirirlər. Aksiya iştirakçıları tələbləri yerinə yetirilənədək etirazlarını davam etdirəcəklərini bildirirlər. Həmişəki kimi, etirazçıların toplaşdığı ərazidən keçən yolda nəqliyyatın sərbəst hərəkətinə heç bir maneə yoxdur. Yol humanitar məqsədlər üçün tam açıqdır.

Gün ərzində aksiyanın təşkil olunduğu ərazidən hər iki istiqamətə Rusiya sülhməramlılarına aid 90-dan çox avtomobil maneəsiz hərəkət edib.

Xatırladaq ki, Qarabağda faydalı qazıntı yataqlarının qanunsuz istismarı əleyhinə təşkil edilən dinc aksiya keçən il dekabrın 12-də başlayıb.