Qarabağ işğaldan azad edildi – Bakının növbəti 3 hədəfi

“Xankəndi və ətraf ərazilərimizin işğaldan azad edilməsi, burada bayrağımız ucaldılması tarixi hadisədir. Prezident İlham Əliyev bölgəyə səfər etdi və önəmli mesajlar verdi. Dövlət başçısının qətiyyətli çıxışı və uğurlu diplomatiyası, üçüncü qüvvələri neytrallaşdırması hər kəsdə özgüvən yaradır”.

Bu fikirləri Globalinfo.az-a açıqlamasında siyasi şərhçi Əli Zülfüqaroğlu deyib.

O əlavə edib ki, bununla da Azərbaycan öz ərazilərində suverenliyini tam olaraq təmin edib:

“Bundan sonra Ermənistan konstruktiv mövqe nümayiş etdirməli, Azərbaycanın benəlxalq hüququnun norma və prinsiplərindən irəli gələn haqlı tələblərinə qeyd-şərtsiz əməl etməlidir. Hələ də işğal altında qalan 8 kəndimiz azad edilməlidir. Sonrakı mərhələdə isə Zəngəzur dəhlizinin açılması prosesi həyata keçirilməlidir. Bu, eyni zamanda İrəvanın da qurtuluşu, xilas yoludur.

Əli Zülfüqaroğlu

Amma görünən odur ki, öz iradəsi əlində olmayan Ermənistan hökuməti Qərbin diktəsini, daha doğrusu, əmrlərini icra etməklə öz ölkəsini platsdarma çevirməkdə qərarlıdır. Azərbaycana qarşı formalaşdırmağa çalışdığı “etnik təmizləmə” kartından istifadə edəcəyi və bundan sonra hüquqi müstəvidə mübarizə aparacağını, Qərbin və erməni lobbisinin dəstəyi ilə hansısa nəticəyə nail olacağını düşünməsi illuziyadan başqa bir şey deyil.

Bir tərəfdə getdikcə güclənən, dünya çapında nüfuzu artan, iqtisadi, hərbi potensialı davamlı olaraq artan Azərbaycan, digər tərəfdən uçurumun kənarında olan Ermənistan var. Əgər Ermənistan yenə də Azərbaycan qarşısında tələblə çıxış edəcəksə bu fiasko ilə nəticələnəcək. Azərbaycanın Ermənistanı sülhə məcbur etmək üçün kifayət qədər imkanları var”.

Turan Rzayev
Globalinfo.az