Misir Mərdanov Xankəndi Pedaqoji İnstitutunun aqibətindən danışdı

30 ildən artıq erməni işğalı altında olan Xankəndi şəhərində bir çox müəssisələr ki, onlardan biri də Xankəndi Pedaqoji İnstitutudur. Həmin institut 1969-cu ildə yaradılıb. Əvvəlcə V.İ.Lenin adına Pedaqoji İnstitut olaraq fəaliyyət göstərsə də, 1973-cü ildə müstəqil ali məktəbə çevrilib. Lakin Ermənistanın Qarabağı işğal etməsi səbəbindən ali təhsil müəssisəsi fəaliyyətini faktiki olaraq dayandırıb. İşğal dövründə isə qondarma rejimin nəzarəti altında fəaliyyət göstərib. Maraqlıdır, bundan sonra institut öz fəaliyyətini yenidən bərpa edəcəkmi?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq təhsil naziri, AMEA-nın Riyaziyyat və Mexanika İnstitutunun direktoru, professor Misir Mərdanov deyib ki, hazırda Qarabağ Universitetinin yaradılması təklif olunur:

“Qarabağ Universitetinin hələlik Ağdamda fəaliyyət göstərməsi nəzərdə tutulur. Doğrudan da Xankəndidə Pedaqoji İnstitut var idi. Xatırlayıram, hətta mən nazirlikdə işləyən zaman biz onu başqa yerlərə köçürməli olduq. Hazırda rəhbərlik etdiyim institutda Xankəndidə yerləşən həmin təhsil ocağında çalışmış adamlar var. Onlar da ali müəssisənin bərpa olmasını və gedib yenidən orada işləməyi arzu edirlər”.

Deputat Ceyhun Məmmədov bildirib ki, Xankəndi Pedaqoji İnstitutunun adı olduğu kimi qalmalıdır:

“Xankəndi Azərbaycanın böyük şəhərlərindən biridir. Orada bir ayrıca universitetin fəaliyyət göstərməsinə ehtiyac var. Ona görə də elə köhnə adı ilə, eyni formada fəaliyyətini davam etdirməlidir. Xankəndiyə Bakıdan hansısa universitetin köçürülməsinə ehtiyac yoxdur. Ola bilər sadəcə, yeni ixtisaslar əlavə olunar, yeni istiqamətlər müəyyənləşdirilər və o istiqamətdə də davam edər. Hesab edirəm ki, mütləq Xankəndi Universitetinin fəaliyyət göstərməsinə böyük ehtiyac var”.

Zaira Akifqızı
Globalinfo.az