Xankəndi ilə bağlı bu qərar Bakıdan elan olunacaq

Son günlərdə Xankəndidə müəyyən hərəkətlilik var. Separatçı rejimin “lideri” Araik Arutyunyanın “vəzifədən” kənarlaşdırılacağı, yerinə Samvel Babayanın gətiriləcəyi ilə bağlı ciddi müzakirələr gedir, iddialar səsləndirilir. Separatçıların “parlament spikerinin” A.Arutyunyanı istefaya səsləməsi bu iddiaları gücləndirən amil kimi qiymətləndirilir.

Samvel Babayanın Arutyunyanın yerinə keçəcəyi təqdirdə Bakı ilə Qarabağ ermənilərinin təmaslarına daha yumşaq yaxınlaşacağı iddia olunur.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan Milli Məclisin deputatı Vüqar İskəndərov bildirib ki, Qarabağdakı rejim oyuncaq bir “sistemdir”:

“Separatçı rejimin “parlament spikeri” Araik Arutyunyanı istefaya çağırdı. Xankəndi sakinləri Arutyunyanın Qarabağdakı erməniləri “qorumaq” iqtidarında olmadığını deyirlər. Onun yerinə Samvel Babayanın gətiriləcəyi müzakirə edilir. Amma onlar heç də bir-birindən fərqlənmirlər. Biz dəfələrlə beynəlxalq hüquqa uyğun olaraq həmin ərazilərin Azərbaycanın suveren ərazisi olduğunu vurğulamışıq. Necə ki, Azərbaycanda digər azsaylı xalqlar bərabərhüquqlu şəkildə yaşayırlar, Xankəndidəki erməni vətəndaşlarımız da onlardan biridirlər. Bu onu deməyə əsas verir ki, ərazidə hansısa “bəyanatdan”, “vəzifə istefasından” söhbət gedə bilməz. Separatçı rejim oradakı müəllim-tələbə, müdir-işçi oyunundan başqa bir şey deyil. Çünki orada yaşayan ermənilər Azərbaycan vətəndaşları olduqlarını anlayırlar. Gec-tez bayrağımız altında, konstitusiyamıza uyğun olaraq yaşamağa davam edəcəklər. Kim bununla razı deyilsə, qapı açıqdır, birdəfəlik getsinlər, geri dönməsinlər. Qalmaq istəyənlər isə tamhüquqlu şəkildə layiqli vətəndaş kimi yaşayacaqlar. Prezident İlham Əliyev də dəfələrlə bu fikirləri səsləndirib. Oradakı azsaylı əhalini bir qrup cinayətkar girovda saxlayır. Onların Bakı ilə təmaslarına mane olurlar. Hər şeyə rəğmən bu istiqamətdə proseslər davam edir. Xankəndidə yaşayan kifayət qədər insan Bakı ilə daimi əlaqədədir. Onlar artıq Azərbaycan bayrağı altında yaşamaq istəyirlər”.


Vüqar İskəndərov

Deputat Rusiya sülhməramlılarının fəaliyyətindən söz açıb:

“Qarabağda kimlərinsə bəyanatdan danışması, istefa verməsi və s. artıq arxaik məsələdir. Bu istiqamətdə bir neçə variant var ki, onlardan biri də Qarabağ ermənilərinin Azərbaycana reinteqrasiyası məsələsidir. Həmçinin sülhməramlılar 10 noyabr bəyanatının 4-cü bəndini təcili şəkildə həyata keçirməyə başlamalıdırlar. Bununla bağlı da gözləntilərimiz var. Sülhməramlıların fəaliyyəti ilə bağlı dəfələrlə iradlar səsləndirmişik. Separatçılar yaxşı bilirlər ki, Azərbaycan öz ərazisində antiterror əməliyyatları keçirmək hüququnu saxlayır.

Separatçı rejimin nümayəndələri onlar üçün yolun sonunun çatdığını yaxşı başa düşürlər. Azərbaycan Qarabağın erməni sakinləri ilə təmaslara tam açıqdır. Hətta rəsmi Bakı bu istiqamətdə növbəti görüşün paytaxtda keçirilməsini də təklif etmişdi. Düşünürəm ki, bir müddət sonra hər şey qaydasına düşəcək. Nəticədə Qarabağda bölgələr üzrə rəhbər vəzifələrə kimin gətirilməsinə rəsmi Bakı qərar verəcək”.

Ayşən Mustafa
Globalinfo.az