ABŞ Prezidenti Donald Tramp ötən ay İranla bağlı əsas hədəflərindən birinin rejim dəyişikliyi olduğunu bəyan etsə də, həmin açıqlama ciddi qarşılanmamışdı. Lakin son günlər İranın mərhum ali lideri Ayətullah Seyid Əli Xameneinin dəfn mərasimində yaşananlar, xüsusilə də onun varisi hesab edilən oğlu Müctəba Xameneinin tədbirdə görünməməsi ölkədə hakimiyyət dəyişikliyi ilə bağlı iddiaları yenidən gündəmə gətirib.
İranda doğrudanmı rejim dəyişikliyi baş verib? Vaşinqton–Tehran danışıqları bu proseslə əlaqəlidir? Ümumiyyətlə, ölkədə hansı siyasi dəyişikliklər yaşanır?
Globalinfo.az-a danışan politoloq Tofiq Abbasov deyib ki, İranda rejim dəyişikliyi baş verməyib:
“Ümumiyyətlə, mən İran mövzusunda “rejim” ifadəsinin istifadə olunmasının qəti əleyhinəyəm. Əli Xameneinin dəfni birmənalı şəkildə göstərdi ki, İranda xalqın əksəriyyəti məhz bu sistemin müdafiəsində israrlıdır, onu dəstəkləyir. Yəni “rejim” deməklə İranın hakimiyyət sistemini alçaltmağa çalışırlar.
Trampın dediklərinə gəldikdə isə, o, özünü kifayət qədər çox təkzib edib, yalan danışıb. Bu yaxınlarda statistikada bəyan edildi ki, Tramp bir gündə 38 dəfə çıxış edib və həmçinin elə təkcə bir gündə özünü bir neçə dəfə təkzib edib. Onun dedikləri rəvayətdir, nağıldır. ABŞ lideri başa düşür ki, ən yaxın müttəfiqi Benyamin Netanyahu və İsrail onu çox çətin vəziyyətə saldı. İndiyədək də Tramp özünə gələ bilmir. Düzdür, onun ailəsi X platformasındakı paylaşımlarına görə birjalarda qazanc əldə edir. Amma bu, ABŞ diplomatiyasının və dövlətinin qazancı ola bilməz. Hətta deyərdim ki, Vaşinqton bu müharibədə öz eksklüzivliyini itirdi.

Tofiq Abbasov
Tramp hazırda Netanyahunu günahlandırır. Əslində, bu, bəhanə deyil. Çünki o, müstəqil, özü də böyük ölkənin lideridir. Buna rəğmən, Netanyahunun fitvası ilə İran kimi müstəqil, suveren ölkəyə hücum etdi. İsrailin etdikləri isə heç vaxt bağışlanmayacaq. Beynəlxalq məhkəmə də bəzi israilli rəsmilərlə bağlı qərarlar qəbul edir”.
Politoloq qeyd edib ki, İsraildə demokratik cəmiyyət var və müharibəyə “yox” deyənlər də mövcuddur:
“Yəni onlar həmin dini sistemə qarşı çıxır, Fələstinlə barışmaq istəyirlər. Tramp bir çox şeyi görə bilmədi. İsrailin təsiri ilə müharibəyə başladı.
İran cəmiyyəti isə bu hücumlar zamanı meydanlardan çəkilmədi. ABŞ Prezidenti bütün körpüləri, stansiyaları dağıdacağını deyəndə də insanlar həmin ərazilərə getdi. Bu prosesdə rejim dəyişikliyindən danışmaq yersizdir. Əksinə, sistem möhkəmlənib. Əsas rejim dəyişikliyi İsraildə baş verib. Netanyahu tələsik koalisiya hökuməti qurdu və məqsədlərinə çatmaq üçün addımlar atdı”.
Turan Rzayev
Globalinfo.az