eb7e736d 3d35 4b01 a082 3735f312f474

İranın Ali Rəhbəri Müctəba Xamenei nüvə məsələsinin ölkənin danışıqlardan kənar suveren hüququ olduğunu bəyan edib.

Məlumata görə, o, nüvə proqramını dayandırmağa yönələn bütün beynəlxalq müqavilələri ləğv etmək əmrini verib.

Globalinfo.az-a danışan politoloq Rüstəm Tağızadə deyib ki, bir neçə həftə əvvəl heç kim İranın on gün ərzində bu qədər sürətli transformasiya keçirəcəyini proqnozlaşdıra bilməzdi:

“Müctəbanın hakimiyyətə gəlməsi ilə paralel İranın daxilində və ətrafında baş verən hadisələr çox sürətlə inkişaf edir. Ali rəhbər öldürüldü, 5000-dən çox hərbi hədəf vuruldu, neft 100 dolları keçdi və Tehran hələ də dayanmır. Bu, sadəcə müharibə deyil, bütün Körfəz regionunun güc balansının yenidən yazıldığı bir mərhələdir.

Müctəba Xamenei müharibənin ilk günlərində təkcə atasını deyil, anasını, həyat yoldaşını və bir oğlunu itirib. Ona görə də bu müharibə onun üçün artıq sadəcə siyasi mübarizə deyil, şəxsi faciə və intiqam məsələsidir.

Müctəbanın şəxsi intiqam hissi milli incikliklə birləşərək onu ABŞ və İsrailə qarşı daha sərt mövqeyə sürükləyəcək. Xüsusilə SEPAH-a söykənib raket hücumlarını genişləndirəcək, regional proksiləri dəstəkləyəcək. Bundan başqa o, nüvə proqramını da sürətləndirəcək.

Fikrimcə, Müctəba Xamenei İranın ən çətin dönəmində hakimiyyətə gəlib. O, həm xarici hücumlarla, həm iqtisadi çöküşlə, həm də daxili etiraz potensialı ilə üzləşir. Bununla belə, onun ən böyük gücü SEPAH-dır. Eyni zamanda onun ən böyük zəifliyi də məhz budur. Xamenei hakimiyyətini hərbi elitanın dəstəyinə borcludur və onların maraqlarına zidd hərəkət edə bilməz”.

Politoloq qeyd edib ki, İranın ballistik raket hücumları 90 faiz azalıb, dəniz qüvvələrinin yarısı məhv edilib:

“Lakin burada ən maraqlı məqam Tehranın reaksiyasıdır. Müctəba Xameneinin cəmi 48 saat ərzində yeni Ali Rəhbər seçilməsi və SEPAH-ın dərhal ona beyət etməsi göstərir ki, İran dövlət maşını “bir nəfərlik sistem” deyil.

rustem tagizade e1756472670253 900x576 1
Rüstəm Tağızadə

İranın ən böyük strateji səhvi Körfəz qonşularını hədəfə almaq idi. Bəhreynə, Səudiyyə Ərəbistanında neft yataqlarına, Qətərə raket hücumları oldu. Lakin nəticədə Körfəz ölkələri Vaşinqtona daha da yaxınlaşdı, İran isə tarixində olmadığı qədər təcrid edilib. Hörmüz boğazının faktiki bağlanması artıq təkcə İranın deyil, bütün regionun enerji təhlükəsizliyini təhdid edir”.

Tağızadə bildirib ki, “Hizbullah” və İraq milisləri müharibəyə qoşulub, lakin husilər hələ də ehtiyatda gözləyir:

“Bu, Tehranın strateji hesablamasını göstərir. Yəni əsas qüvvələri sona saxlayır, çünki Suriya dəhlizinin itirilməsi ilə “Müqavimət Oxu”nun logistikası çöküb. SEPAH-ın proksi şəbəkəsi indi daha çox simvolik dəyər daşıyır.

Hesab edirəm ki, indi üç ssenari mümkündür. Birincisi sərt xəttin konsolidasiyasıdır, yəni SEPAH-ın rəhbərliyi ələ alması və müharibəni uzatması. İkincisi parçalanma, iqtisadi çöküş və etnik qrupların (azərilər, kürdlər) üsyanıdır. Üçüncüsü və ən təhlükəlisi nüvə silahına can atma – Şimali Koreya modeli.

Hələlik Tehran döyüşür, SEPAH birlik nümayiş etdirir, xalq pəncərələrdən “Müctəbaya ölüm” qışqırsa da, küçələrə çıxmır. Bu müharibə sadəcə İranın taleyini deyil, bütün Yaxın Şərqin gələcək onilliklərini təyin edəcək”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: