Xaçaturyanın öldürdüyü şəxslərin adları və verdiyi işgəncə üsulları açıqlandı

Vaqif Xaçaturyanın azərbaycanlılara verdiyi amansız işgəncələr açıqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçaturyanın cinayət işi üzrə ittiham aktında göstərilib.

İttiham aktında qeyd olunub ki, Vaqif Xaçaturyan 1988-ci ilin noyabr ayının sonlarında sürücülük məktəbini bitirmələri ilə əlaqədar imtahan vermək məqsədi ilə Xankəndi şəhərinə gəlmiş və Xankəndi şəhər polis (keçmiş milis) idarəsinə salınaraq orada saxlanılmış, Xocalı rayonunun Meşəli kənd sakinləri Kazımov Məmməd İslam oğlu və Novruzov Zakir Novruz oğlunun saxlanıldıqları otağa qanunsuz silahlı hərbi birləşmələrin istintaqa məlum olmayan digər 5 üzvü ilə birlikdə daxil olub onları erməni dilində nalayiq sözlərlə təhqir edib. O, azərbaycanlıların kökünü kəsmək lazım olduğunu bildirib.

Vaqif Xaçaturyan bu məqsədlə həmin şəxslərə yumruq və təpiklə üz, baş və bədənin digər nahiyələrinə çoxsaylı zərbələr vurub döyüb, daha sonra Qarabağın kimə məxsus olduğunu soruşaraq cavab almadığına görə onları döyməyə davam edib və üzərində olan bıçağı nümayiş etdirərək “sizin hər birinizin orasını kəsmək lazımdır ki, artıb törəyə bilməyəsiniz” sözlərini işlədib.

O, Məmməd Kazımovun xaya nahiyəsinə bıçaqla bir zərbə vurub. Zərbənin təsirindən yerə yıxılan Məmməd Kazımov erməni dilində Vaqif Xaçaturyanın ünvanına nalayiq sözlər işlətdiyinə görə, o, əlindəki bıçaqla hər iki ayağının üzərində kəsiklər etməklə ona sağlamlığa yüngül zərərvurmaya aid “xayalığın, sol və sağ aşıq-baldır oynağ proyeksiyasının ve sağ ayaq pəncəsinin arxa səthinin kəsilmiş yaraları, sağ qaşın sol gicgah nahiyəsinin və sağ əlin birinci barmağının küt yarası” xəsarətlərini yetirib. Vaqif Xaçaturyan ona “qoy, it kimi canın çıxanadək qanın axsın”, deyib.

Bundan başqa, 21 dekabr 1991-ci il tarixində Vaqif Xaçaturyanın üzvü olduğu dəstə saat 20-21 radələrində Xocalı rayonunun Meşəli kəndini artilleriya qurğularından intensiv atəşə tutub. Bu zaman kənd sakini Mehralıyeva Rahilə İsmayıl qızı bir yaşlı körpə uşağı, 9 dekabr 1990-cı il təvəllüdlü Mehralıyev Amil Oli oğlunu qucağına alıb qarlı, şaxtalı havada digər kənd sakinləri ilə birlikdə özlərini qorumaq üçün kəndin ətrafında olan meşəyə doğru qaçıb. Təxminən 3-4 saatdan sonra atəş səsləri dayandıqda, kənd sakinləri öz evlərinə qayıdan zaman Amil Mehralıyev donvurma, yəni aşağı temperaturun orqanizmə ümumi təsiri nəticəsində ölüb.

X X X

Xocalı rayonunun Meşəli kəndində dinc sakinlərin mühasirədən çıxarılmasına köməyə getdiyi üçün ermənilər tərəfindən qətlə yetirilən Azərbaycanın polis və hərbi qulluqçularının adları açıqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçaturyanın cinayət işi üzrə ittiham aktınında qeyd edilib.

Bildirilib ki, 1991-ci il dekabrın 23-də mühasirədə qalan dinc sakinlərə yardım etməyə gedən, Meşəli polis bölməsinə Ağdam rayon polis (keçmiş milis) şöbəsindən ezam olunmuş, həmin şöbənin kiçik serjantları, 19 avqust 1970-ci il təvəllüdlü Rüstəmov Hidayat Eldar oğlu, 06 iyun 1969-cu il təvəllüdlü Ağayev Faiq Alış oğlu, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 701 (keçmiş 18110) Ne-li herbi hissesinin hərbi qulluqçulan, 13 oktyabr 1964-cü il təvəllüdlü leytenant Eyyubov Kamil Baba oğlu, 09 iyul 1961-ci il təvəllüdlü əsgər Qonaqov Musal Mirzağa oğlunu ve könüllü özünümüdafiə dəstəsinin döyüşçüsü, 28 iyun 1961-ci il təvəllüdlü Əzimov Tahir Eyyub oğlu Vaqif Xaçaturyan və erməni hərbi birləşməsinin digər üzvləri tərəfindən qətlə yetirilib.

X X X

Xocalı rayonunun Meşəli kəndində azərbaycanlılara qarşı soyqırımı zamanı Vaqif Xaçaturyan və digər erməni silahlılarının qətlə yetirdiyi şəxslərin adları açıqlanıb.

Globalinfo.az APA-ya istinadən xəbər verir ki, bu barədə Vaqif Xaçaturyanın ittiham aktında bildirilir.

İttihamda qeyd edilib ki, 23 dekabr 1991-ci il tarixdə səhər saat 06 radələrində Vaqif Xaçaturyan qanunsuz silahlı hərbi birləşmələrin üzvləri ilə birlikdə Xankəndi şəhərində dislokasiya olunmuş Rusiya Federasiyası Silahlı Qüvvələrinin 366-cı motoatıcı alayın şəxsi heyəti və ağır texnikasının dəstəyi ilə Meşəli kəndinə basqın edərək evlərə və küçələrə hücum edib.

Onlar kənd sakinləri 1936-cı il təvəllüdlü Quliyev Qədim, 1936-cı il təvəllüdlü Quliyeva Ruba Hacı qızını, 1903-cü il təvəllüdlü Quliyev Mətləb Qənimət oğlunu, 1932-ci il təvəllüdlü Novruzov Novruz Məhərrəm oğlunu, 1932-ci il təvəllüdlü Novruzova Adilə Məhəmməd qızını, 1977-ci il təvəllüdlü Novruzova Rahilə Novruz qızını, 1979-cu il təvəllüdlü Novruzova Rübabə Novruz qızını, 1926-cı il təvəllüdlü Sadiqov Əvəz Alış oğlunu, 1932-ci il təvəllüdlü Sadıqova Qönçə Məmmədbağır qızını, 1927-ci il təvəllüdlü Nurməmmədov Hüseyn Rza oğlunu, 1936-cı il təvəllüdlü Nurməmmədova Pakizə İslam qızını, 1969-cu il təvəllüdlü İbadullayev Nadir Nəbi oğlunu, 1974-cü il təvəllüdlü Allahverdiyev Vidadi Müsül oğlunu, 1938-ci il təvəllüdlü Kazımov Xəlil Mahmud oğlunu, 1963-cü il təvəllüdlü Mehralıyev Əli Mürsəl oğlunu, 1942-ci il təvəllüdlü Hümbətov Bəhlul Müseyib oğlunu, 1929-cu il təvəllüdlü Qasimov Ənvər Bahadur oğlunu, 1915-ci il təvəllüdlü Xudayarova Surayya Alış qızını, xidməti vəzifələrini yerinə yetirən Xocalı rayon polis şöbəsinin Meşəli polis bölməsinin polis (milis) serjantları – 1969-cu il təvəllüdlü Quliyev İsmayıl Qənimət oğlunu və 1971-ci təvəllüdlü Novruzov Zakir Novruz oğlunu qətlə yetiriblər.