Xaçaturyanın həbsi Qarabağ ermənilərini Paşinyana qarşı qaldırdı – “Atışma” başladı

Xankəndidəki separatçı rejimin bir sıra “rəsmiləri” iddia edirlər ki, Laçın postunda saxlanılan Vaqif Xaçaturyanın məlumatlarını Bakıya İrəvandan ötürüblər. Onlar bunun davamının gələcəyini, Ermənistanın başqa şəxslər haqqında da məlumatları Azərbaycana verdiyini etdiyini bildiriliblər. Hətta bəzi məlumatlarda Azərbaycan hüquq mühafizə orqanlarında 500 nəfər separatçının siyahısının olduğu iddia edilir.

O zaman Paşinyan separatçılardan bu şəkildə qurtulmaq istəyir? Bu, nə dərəcədə mümkün görünür? Xaçaturyanın saxlanılması hazırkı vəziyyətə və proseslərin gələcəyinə necə təsir göstərəcək?

Mövzunu Globalinfo.az-a dəyərləndirən politoloq Turab Rzayev bildirib ki, bu iddia əsasən Qarabağ klanı ilə Paşinyan hakimiyyəti arasındakı mübarizədən qaynaqlanır:

“Bu daha çox Ermənistan müxalifətinin iddiasıdır. Çünki onlar Nikol Paşinyan hakimiyyətini dövlətə xəyanətdə, Azərbaycana işləməkdə ittiham edirlər. Bu səbəblə Laçın postunda cinayətkar Vaqif Xaçaturyanın saxlanılmasını İrəvanın əməli kimi göstərməyə çalışırlar.

Azərbaycanın Laçındakı buraxılış məntəqəsində sərhədi keçən insanları çox rahat şəkildə yoxlamaq imkanı var. Bizim Ermənistandan hansısa məlumatın ötürülməsinə ehtiyacımız yoxdur. Özümüz də araşdırıb o cinayətkarları tək-tək ayırd edə bilirik.

Burada maraqlı məqam odur ki, Ermənistan hakimiyyəti ilə Xankəndidəki separatçı rejimin qalıqları və onların təmsil etdiyi Qarabağ klanı arasındakı mübarizə artıq çox açıq və gərgin müstəviyə keçir. Bundan əvvəl də Nikol Paşinyanla onların yola getmədiyi bəlli idi. Ermənistanın Baş naziri onların bir neçə nümayəndəsini həbs etməyə çalışırdı. Köçəryan, Xaçaturyan, hətta bu yaxınlarda söhbəti yayılan Vitali Balasanyan da onlar arasındadır”.

Turab Rzayev

T.Rzayev Paşinyan və Qarabağ klanı arasında gərginliyin daha da artdığını deyib:

“Paşinyan hakimiyyətinin qeyri-rəsmi bir qərarı vardı ki, keçmiş cinayətkar Qarabağ klanından kim Laçın dəhlizi vasitəsilə Ermənistana daxil olursa, ya geri qaytarılsın, ya da həbs edilsin. O açıq şəkildə klanın üzvlərini ölkəsində görmək istəmədiyini bildirmişdi. Artıq onlar Nikol Paşinyanı Ermənistanın maraqlarını satmaqda, Azərbaycan və Türkiyə ilə əməkdaşlıq etməklə yanaşı, terrorçunun Azərbaycana verilməsində də ittiham edirlər. Bizim ona ehtiyacımız yoxdur, həmin cinayətkarların hamısını çox yaxşı tanıyırıq. Laçın postunda onları çox rahat şəkildə yoxlanışdan keçirib saxlaya bilərik.

Əgər Xankəndi İrəvanı “qəhrəman” dedikləri cinayətkarları Bakıya təslim etməkdə günahlandırırsa, bu, münasibətlərin həddən artıq gərginləşməsinin təzahürüdür”.

Ayşən Mustafa
Globalinfo.az