Xaçaturyan Şuşada niyə həbs edilmişdi?

Qanunsuz erməni silahlı birləşmələrinin tərkibində Xocalı rayonunun Meşəli kəndində soyqırımı törətməkdə təqsirləndirilən Vaqif Çerkezoviç Xaçaturyan 1991-ci il iyunun 15-də Şuşa polisi tərəfindən həbs olunub.

Globalinfo.az APA-ya istinadən bildirir ki, bu barədə bu gün Vaqif Xaçaturyan məhkəmədə ifadəsində Azərbaycan xalqından üzr istəyərkən deyib. Vaqif Xaçaturyan məhkəmədə 30 gün Şuşada saxlandığını və bunun ona dərs olduğunu dilə gətirib: “Bu həbs mənə dərs oldu, ondan sonra bu məsələlərdən əl çəkmişəm”.

Vaqif Xaçaturyanın hansı səbəbdən 1991-ci ildə Şuşa polisi tərəfindən saxlanmasını araşdırdıq.

Məlum olub ki, o, azərbaycanlılara qarşı törətdiyi cinayət əməllərinə və əhali içində təşviş yaratdığı üçün 1991-ci il iyulun 5-də Şuşa polisi tərəfindən həbs edilib. Lakin həbsdə olduğunun 30-cu günündə Vaqif Xaçaturyan özünə xəsarət yetirib. Belə ki, o, dişi ilə öz damarını deşib və təcili olaraq Xankəndində yerləşən xəstəxanaya aparılıb. Orada erməni milliyyətindən olan həkim və tibb işçilərinin köməyi ilə qaçmağı bacarıb. Onun özünə yetirdiyi xəsarət nəticəsində qolunda yaranan problemin izləri indi də qalır.

Vaqif Xaçaturyanın bugünkü etirafı bir daha onun azərbaycanlılara qarşı cinayət törətməsinin öz dilindən sübutudur.