Məlum olduğu kimi, 17-22 may tarixlərində Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) keçirilib. Forum çərçivəsində ölkəmizə 60 minə yaxın xarici qonaq gəlib. Onların arasında çoxsaylı media nümayəndələri də yer alıb.
Globalinfo.az-a danışan media əməliyyatları üzrə baş menecer Kamran Paşazadə bildirib ki, tədbirdə iştirak üçün mindən çox media nümayəndəsi qeydiyyatdan keçib.
O qeyd edib ki, Yayım və Media Əməliyyatları komandası olaraq əsas məqsədləri beynəlxalq və yerli media nümayəndələrinin tədbiri rahat, operativ və peşəkar şəkildə işıqlandırmasını təmin etmək olub:
“Tədbir üçün 1000-dən çox media nümayəndəsi qeydiyyatdan keçmişdi. Yayım əməliyyatları çərçivəsində isə tədbir ərazisi daxilində 13 fərqli məkandan canlı yayım xidməti təqdim olundu. Media Hazırlıqları və Media Əməliyyatları bölmələri yerli və xarici medianın rahat və peşəkar şəkildə çalışması üçün bütün zəruri şəraiti yaratmışdı, tədbir müddətində isə müsahibə otaqlarının və bəyanat ərazilərinin rezervasiyası, loker xidməti, arxivləmə və nüsxələmə kimi müxtəlif servis və xidmətlərlə media nümayəndələrinə dəstək göstərdi. Eyni zamanda tədbir zamanı Media Mərkəzində texniki və qeyri-texniki hər bir məsələdə kömək göstərməyə hazır tam peşəkar komandamız fəaliyyət göstərirdi”.
K.Paşazadənin sözlərinə görə, Media Mərkəzi ümumilikdə 1975 kvadratmetr ərazini əhatə edib və eyni anda təxminən 600 nəfər media nümayəndəsi və işçi heyətini qəbul etmək imkanına malik olub:
“Burada ümumilikdə 43 obyekt yerləşir ki, onlardan 21-i tam qapalı məkanlardır. Ön ofis hissəsində media nümayəndələrinin gündəlik fəaliyyəti üçün bütün əsas imkanlar yaradıldı. Buraya qarşılama masası, 40 nəfərlik media istirahət guşəsi, 112 nəfərlik yazılı mətbuat və 28 yayımçı üçün nəzərdə tutulmuş iş masaları daxildir. Eyni zamanda, 3 müsahibə otağı, İKT dəstək masası və 100 nəfərlik Mətbuat Konfransı otağı fəaliyyət göstərirdi. “Back office” hissəsində isə ümumilikdə 32 iş otağı mövcud idi. Bu otaqlar həm əməliyyat heyəti, həm də müxtəlif podratçı və texniki komandaların koordinasiyalı fəaliyyəti üçün istifadə olundu”.
Kamran Paşazadə deyib ki, Yayım və Media Əməliyyatları komandası olaraq onların əsas vəzifəsi media axınının düzgün idarə olunması, yayım əməliyyatlarının fasiləsiz təşkili, televiziya studiyalarının koordinasiyası, mətbuat konfranslarının texniki dəstəyi və media nümayəndələrinin bütün əməliyyat ehtiyaclarının qarşılanması olub:
“Bu cür beynəlxalq tədbirlərdə media əməliyyatlarının düzgün qurulması tədbirin qlobal auditoriyaya peşəkar şəkildə çatdırılması baxımından çox önəmlidir və biz də bunun üçün 24 saatlıq koordinasiyalı şəkildə fəaliyyət göstərdik”.
Zaira Akifqızı
Globalinfo.az