Vüsalə Mahirqızı: “5 milyon insana xitab edəcəyik” – MÜSAHİBƏ

APA TV-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası verilib.

Qeyd edək ki, “APA TV” 29 may 2013-cü ildən onlayn yayımlanır. Burada ictimai-siyasi, maarifləndirici, sosial, dini, elmi, iqtisadi verilişlər təqdim olunur. Televiziya hər gün saat 10:00-dan 00:00-a qədər efir yayımını həyata keçirir. Sosial platformalarda isə 24 saat fəaliyyət göstərir. Kanalın Azərbaycanın bölgələrində və ölkə hüdudlarından kənarda müxbir postları fəaliyyət göstərir.

Globalinfo.az bununla əlaqədar olaraq APA Holdinqin prezidenti Vüsalə Mahirqızıdan müsahibə alıb.

– Vüsalə xanım, APA TV-nin platforma yayımçısı lisenziyası alması münasibətilə başda Siz olmaqla bütün kollektivi təbrik edirik. Sizə bu işdə uğurlar arzulayırıq. APA-nın ölkənin aparıcı agentliyi kimi geniş oxucu kütləsi var. Sizcə, televiziyanın imkanlarının genişlənməsi APA-ya nəyi qazandıracaq?

– APA Agentliyi Azərbaycanın əsas media brendlərindən biridir. O həm Azərbaycanda, həm də xaricdə tanınır. Amma brendin tanınması baxımdan hazırda “APA TV” daha məşhurdur və tamaşaçı kütləsi də APA-dan daha çoxdur. Məsələn, ötən ay APA TV-nin Facebook səhifəsinə 20 milyon, YouTube-da isə 31 milyon baxış olub. Eyni zamanda, TikTok-dakı iki səhifəmizin toplam 200 mindən artıq abunəçisi var.

Kabel yayımına çıxmaq bizə imkan verəcək ki, ilkin mərhələdə Bakı, Sumqayıt və Abşeron yarımadasında təxminən 5 milyon insana birbaşa kabel yayımı vasitəsilə xitab edə bilək. APA TV-nin baxışları APA-dan müqayisəolunmaz dərəcədə çox olacaq. Bu, həm də APA TV-nin xəbər kanalı kimi məsuliyyətini artırması deməkdir.

– Daha əvvəl demişdiniz ki, ilk yayım gələn il olacaq. APA TV hansı istiqamətdə fəaliyyət göstərəcək? 

– APA TV-yə xəbər və maarifçilik kanalı kimi lisenziya verilib. Kanalın ümumi kontentinin 75 faizi xəbər və maarifləndirmədən ibarət olmalıdır. Heç şübhəsiz, bu istiqamətdə bizim yeni verilişlərimiz, sosial layihələrimiz olacaq, xəbər formatını daha da gücləndirəcəyik. APA TV-də “Xəbər axını” adlı layihəmiz var.

– Ölkədə bir çox internet televiziyalar fəaliyyət göstərir. Digər internet televiziyaların lisenziya almaq şansı varmı? Lisenziya almaq üçün qoyulan tələblərin ağır olduğu deyilir. APA bu tələbləri necə yerinə yetirdi?

– Bizdən başqa Baku TV, Səhiyyə TV, Agro TV, “Vivace” və “ATV+Cinema” internet televiziyalar da lisenziya alıblar. Mən həmkarlarımızın hamısını təbrik edirəm. Əslində, yeni “Media haqqında” qanuna qədər yalnız köhnə Milli Teleradio Şurasının elan etdiyi müsabiqədə iştirak edərək hər hansı bir kabel yayımı, peyk yayımı və yerüstü bütün yayıma çıxa bilərdik. İndi “Media haqqında” qanun müzakirə ediləndə çoxlu tənqidçilər orta çıxdı. Onlar bildirirdi ki, burada “YouTube” platformasına qadağa qoyulur və bu da internet televiziyalara qadağa deməkdir.

Əslində, biz həmin vaxt da deyirdik ki, qanunun mahiyyəti budur ki, bizim vəziyyəti daha da yaxşılaşdırır və asanlaşdırır. Bu gün bizim yaşadığımız o qanunun praktik təsdiqidir. İndi hamı üçün fürsət bərabərliyi var. Heç kimə problem yaradılmır ki, hansısa müsabiqəni gözləyəsən. Platforma yayımcısı olmaq üçün Audioviziol Şuranın qoyduğu şərtlər var. O şərtləri asan hesab etmək olmaz, amma normal bir televiziya yaratmaq istəyirsənsə, həmin şərtlərə uyğun olmalısan.

İndi bizdə internet televiziya anlayışı ilə işləyən yerlərin əksəri daha çox tək və ya iki-üç blogerin fəaliyyətindən ibarətdir. Amma biz bilirik ki, televiziyada mövzu rəngarəngliyi, müxtəlif verilişlər olur və hər tamaşaçı özünə uyğun olan məlumatı o televiziyada tapa bilir. Bu şərtlərə cavab verənlər sənədlərini təqdim edə bilər. Müvafiq yoxlamadan sonra ona lisenziya veriləcək. İstədiyi kabel televiziyası ilə müqavilə bağlayıb paketlərə daxil ola biləcək.

Tələblərə görə, minimum yayım 6 saatdır. Biz onu ikiqat qarşılayırıq. Bizim 14 saatlıq birbaşa yayımımız var. Əgər 6 saat yayımı bütün plaformalarda eyni səviyyədə yaya biləcəksə, texniki, kadr keyfiyyəti ilə bağlı qoyulan standartlara cavab verəcəksə, onlar bu lisenziyanı rahat şəkildə ala biləcəklər.

Gülnar Səlimova
Globalinfo.az