Vüqar Zifəroğlu: “Edamlar, qətllər İranı daha çıxılmaz duruma salır”

“Hal-hazırda İranda gedən proseslərin səngimədiyini, əksinə, zaman-zaman müxtəlif bölgələrdə daha da kəskin hal aldığını müşahidə edə bilirik. Proseslərin belə davamlı getməsi isə artıq, etirazların ilkin formasını dəyişməsinə və daha fərqli müstəviyə keçməsinə səbəb olmaqdadır. Bu isə istər-istəməz İranın gələcəyi və ümumiyyətlə baş verən proseslərlə bağlı müxtəlif ssenarilər üzərində fikir yürütmək üçün kifayət qədər əsaslar verir”.

Bu sözləri Globalinfo.az-a açıqlaması zamanı Yaxın Şərq bölgəsi üzrə ekspert Vüqar Zifəroğlu deyib.

Siyasi şərhçi bildirib ki, bu zaman proseslərin gedişatına təsir edən həm daxili, həm də xarici faktorlar ön plana çıxır:

“Diqqət etsəniz, Qərb mediasında artıq İranın gələcəyi ilə bağlı müxtəlif polemikalar açılır. Burada İranın demokratikləşməsi və fedarallaşmasından tutmuş, parçalanmasına qədər müxtəlif rəylərə, fikirlərə rast gəlmək mümkündür. Lakin istənilən halda, bütün bu məqamlara İranın öz daxilində gedən proseslərin yaxın zamanlarda hansı istiqamətdə cərəyan edəcəyi ilə aydınlıq gətirmək olar. Birmənalı şəkildə vurğulamaq lazımdır ki, İrana hər hansı tərəfin birbaşa müdaxiləsi indiki halda mümkünsüz görünür. Məhz bu səbəbdən də, daxildə gedən proseslər diqqətlə izlənilir, bununla əlaqədar olaraq müxtəlif proseslərə paralel olaraq start verilməkdədir”.

V.Zifəroğlu vurğulayıb ki, İranın daxilində indiyədək yığılıb qalmış proseslər öz həllini tapmayana qədər etirazlar bu və ya başqa formada davam edəcək:

“Milli və insan hüquqları ilə bağlı problemlər, iqtisadi tənəzzül, sosial sahələrdə gerilik daxildə ciddi narazılıqlara təkan verir. Rəsmi Tehran isə narazılıqlara səbəb olan məqamları aradan qaldırmaq, ciddi islahatlara getmək əvəzinə, buna əks olan addımlar atır. Nəticədə etirazların çox kəskin və radikal şəkildə edamlar və qətllərlə qarşısının alınması cəhdləri prosesləri daha ciddi məcraya yönəldir”.

Gülnar Səlimova
Globalinfo.az