Vüqar Məmmədovdan xüsusi ittiham qaydasında şikayət edilib

“Hürriyyət”in baş redaktoru Vüqar Məmmədovun barəsində xüsusi ittiham qaydasında Nərimanov Rayon Məhkəməsinə şikayət ünvanlanıb.

Globalinfo.az xəbər verir ki, bu haqda hüquq müdafiəçisi Rüfət Səfərov məlumat verib. Onun sözlərinə görə, 04.08.2023-cü il tarixdə, saat 14-20-də Nərimanov Rayon Məhkəməsinin hakimi Xalidə Əlisoy işə baxacaq.

R.Səfər bildirib ki, böyük ehtimalla inzibati qaydada 1 ay müddətinə həbs edilən Vüqar Məmmədov sərbəst buraxmayacaq, onu uzun müddətli azadlıqdan məhrum edəcəklər.

Hüquq müdafiəçinin sözlərinə görə, xüsusi ittihamçının kimliyi və şikayətin məzmunu haqda dəqiq məlumatı yoxdur.

Xatırladaq ki, 24 iyul 2023-cü il tarixdə Vüqar Məmmədov və ehtiyatda olan polkovnik Elnur Teymur oğlu Məmmədov 1 ay müddətində inzibati şəkildə həbs edilmişdilər.

Həmin vaxt Baş Prokurorluğun məlumatında deyilirdi ki, aşkar edilmiş hüquqpozmalarla bağlı hər iki şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 388-1.1.1-ci maddəsi ilə (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində yayılması qadağan edilən informasiyanın yerləşdirilməsi, habelə belə informasiyanın yerləşdirilməsinin qarşısının alınmaması) inzibati xəta haqqında iş üzrə icraat başlanaraq toplanmış materiallar baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilib.

Globalinfo.az