Vladiqafqazda gizli görüş: Moskva tarixi qərar verə bilər

Sentyabrın 8-12-də Şimali Osetiyanın Vladiqafqaz şəhərində Rusiyadakı gürcü diasporu ilə rusiyalı ekspertlər arasında qapalı görüş keçirilib.

Globalinfo.az xəbər verir ki, görüş Primakov adına Gürcüstan-Rusiya İctimai Mərkəzi tərəfindən təşkil olunub.

Məlumata görə, Rusiyanın Qorçakov Fondu görüşün baş tutması üçün vəsait ayırıb. Lakin bu, Şimali və Cənubi Osetiyada narazılıqla qarşılanıb. Belə ki, bəzi ekspertlər görüşün Gürcüstanla Rusiya arasında münasibətlərin bərpası ilə bağlı gizli danışıqlar olduğunu iddia ediblər.

Qondarma Cənubi Osetiyadakı politoloqlardan Alan Mamiyev iddia edib ki, Abxaziya və Cənubi Osetiya Moskva ilə Tbilisi arasında sövdləşmə predmeti ola bilər:

“Sakit və görünməz formada Vladikavkazda gənclərin görüşü baş tutdu. Maraqlıdır ki, görüşə nə Cənubi Osetiya, nə də Abxaziya nümayəndələri dəvət edilməyiblər. Məhz bu “respublikalar” üzərindən Rusiya ilə Gürcüstan arasında sövdələşmə ola bilər”.

Qeyd edək ki, son zamanlar Rusiya ilə münasibətlərinin yaxşılaşması fonunda Gürcüstanın ərazi bütövlüyünü qondarma respublikalarla konfederasiya yaradaraq bərpa edəcəyinə dair iddialar səslənir. Hələlik heç kim bu iddialara rəsmi reaksiya verməyib. Gürcüstanın “boz kardinalı” olan Bidzina İvanişvili isə təşviqat kampaniyası çərçivəsində çıxışı zamanı Tbilisinin seçkidən sonra ərazi bütövlüyünü bərpa edə biləcəyinə ümid etdiyini deyib.

Əliyar Xəlil
Globalinfo.az