Son günlər ölkədə yeni xəstəlik yayılıb. Belə ki, az qala 2 nəfərdən biri bu virusa yoluxur. Yayılan xəstəlik əsasən hərarət və öskürəklə müşahidə edilir.
Sağlam insanlar bu virusa yolxmamaq üçün müxtəlif tədbirlərə əl atırlar. Bəs yoluxmamaq mümkündürmü? İnsanlar özlərini necə qorumalıdırlar?
Globalinfo.az-a danışan tibb elmləri doktoru, professor Adil Qeybulla hazırda ölkədə mürəkkəb bir epidemioloji durumun hökm sürdüyünü qeyd edib.
O, yeni yayılmış metapnevmovirusun Azərbaycanda mövcudluğundan danışıb:
“Bir tərəfdən koronavirusun “omicron” ştammının mutasiya variantları, bir tərəfdən hər il ənənəvi peyda olan qrip infeksiyası, bir tərəfdən də digər tənəffüs yolları infeksiyalarının mümkün olması, inoviruslar, rotavirusların mövcudluğunu biz zaman-zaman gördük. Bir də indi metapnevmovirusun olması haqqında məlumatlar var. Əslində, metapnevmovirusun Azərbaycanda olması tam real və mümkündür. Çünki biz qloballaşan dünyada yaşayırıq. Bir nəfərin gedib Çində yoluxub ölkəyə gəlməsi kifayət edir. Ona görə də belə bir virus bizdə yoxdur deyib, car çəkmək yox, əksinə, profilaktik tədbirlərə üstünlük vermək lazımdır”.
Adil Qeybulla
Professor deyib ki, xəstə olan şəxslər işə getməməli, ətrafı yoluxdurmamalıdırlar:
“İnsanlar maskadan istifadə etməlidirlər. Yaxşı olardı ki, xəstə adamlar yataq rejiminə keçsinlər, çoxlu maye qəbul etsinlər, ev şəraitində özlərini izolyasiya etməlidirlər. Xəstə adamların işə çıxması qəti düzgün deyil. Ona görə də özəl və dövlət sektunda göstəriş verilməlidir ki, bu cür şəxslər işə getməsinlər. Digər tərəfdən, poliklinikalarla interaktiv sistem yaradılmalıdır. Sahə həkimləri, pediatrlar bu işə cəlb olunmalı, əhali arasında yoxlamalar və xəstələnmələrlə bağlı statistika dəqiqləşməlidir. Profilaktik istiqamətli insanlara məsləhətlər verilməlidir. Baxın, biz bu işləri birinci növbədə görməliyik. Maarifləndirmə işinə ciddi əhəmiyyət verməliyik. Televiziya kanallarında bu istiqamətlərdə ciddi şəkildə və tez-tez təkrar olunan söhbətlər aparılmalıdır. Lakin bunları görə bilmirik”.
Zaira Akifqızı
Globalinfo.az