Vəziyyət pisləşir: Rusiya ciddi addımlar atacaq

Rusiya-Ermənistan münasibətləri gərgin olaraq qalır. Rəsmi İrəvanın Qərbə meyil etməsi, Kremldən günü-gündən uzaqlaşması diqqət çəkir.

Moskva Ermənistanı qazanmaq üçün geri addım ata bilərmi? Ermənistanı yenidən Azərbaycan əleyhinə qaldıra bilərmi?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, siyasətdə daimi dostluq deyə bir şey yoxdur:

“Dövlətlər üçün mühüm olan onların milli və geosiyasi maraqlarıdır. Bir çox dövlət də məhz bu istiqamətdə addım atır. Bunun ən yaxşı nümunəsi hazırkı Ermənistan-Rusiya münasibətləridir. Dünənə qədər Ermənistan Ukrayna, Gürcüstan, Rusiya ilə dost-qardaş idisə, bu gün düşmənə çevrilib. Başqa bir misal kimi isə deyə bilərəm ki, Türkiyə və Rusiya yaxın tarixə qədər düşmən kimi idisə, bu gün ciddi mənada yaxınlaşıb.

Hazırda Ermənistandakı antirusiya əhvalı və İrəvanın Qərbə inteqrasiyanı anlamaq üçün məsələyə daha geniş müstəvidən baxmaq lazımdır. Belə ki, dünya siyasətində ABŞ ilə Rusiya arasında ciddi bir geosiyasi savaş gedir. ABŞ və müttəfiqləri Rusiyanı ortaq düşmən elan edib və Rusiyanın dünya siyasi xəritəsindən silinməsinə çalışırlar. Bunun üçün isə Kreml ətrafında rəngi inqilablar yaradaraq köhnə müttəfiqlərini onun əleyhinə çevirirlər.

Gürcüstan, Ukrayna, Baltikyanı ölkələr də buna misal ola bilər. Sıra Ermənistandır. Prinsip etibarilə Paşinyanın hakimiyyətə gəlişi ilə bu plan başladı. Bu gün isə prosesin yekunlarının şahidi oluruq. Yəni Rusiyanın Ermənistandan tam çıxarılması ilə ABŞ və Qərb Ermənistana daxil olur.

Təbii ki, Rusiya buna səssiz qalmır və qalmayacaq. Sadəcə Moskva Ermənistanı itirmək istəmədiyindən ehtiyatlı davranır. Amma vəziyyətin daha pis hal alması təqdirində Rusiya da ciddi və effektiv addımlar atacaq”.

Turan Rzayev
Globalinfo.az