Növbədənkənar parlament seçkilərinin ardınca yeni və köhnə kadrlar, onların gələcək fəaliyyət istiqamətləri və s. ilə bağlı ictimaiyyətdə müəyyən suallar yaranıb. Belə ki, Milli Məclisə üzv seçilən keçmiş məmurların yerləri boşalıb və yeni təyinatlar gözlənir. Gənc kadrlara üstünlük veriləcəyi, yoxsa köhnə komandadan kimlərsə mükafatlandırılacağı maraq doğurub. Xatırladaq ki, Milli Məclisin budəfəki heyətinə “köhnə qvardiya”dan xeyli isimlər salınıb.
Bu təcrübə icra hakimiyyəti sisteminə də tətbiq edilə bilərmi?
Globalinfo.az-a danışan Milli Məclisin deputatı Elman Nəsirov deyib ki, 1993-cü ildən YAP bütün prezident, parlament və bələdiyyə seçkilərində qalib gəlib. Deputat deyib ki, budəfəki seçkilər də istisna təşkil etmədi. YAP qalib gəldi. Parlamentdə 68 nəfər deputatı var.
Deputatın sözlərinə görə, əvvəllər müvafiq icra orqanlarında çalışmış şəxslərdən də hakim partiya sıralarında parlamentdə təmsil olunanlar var:
“Onların arasında gənclər və yaşlılar da yer alır. Burada qəribə heç nə yoxdur. Seçən tərəf xalqdır. 18 yaşı olmuş hər bir Azərbaycan vətəndaşının seçkilərə qatılıb, seçkidə iştirak etmək hüququ var. Yaş senzi yoxdur. Yəni istənilən yaşda seçkilərdə iştirak etmək mümkündür”.
Elman Nəsirov
Elman Nəsirov qeyd edir ki, Prezident İlham Əliyevin kadr siyasətində gənclərə xüsusi diqqət ayrılır:
“Bu da anlaşılandır. Prezident Qarabağ Universitetinin açılış mərasimində çıxışı zamanı vurğuladı ki, tarixi zəfərimizi şərtləndirən amillər var. Siyasi iradə, peşəkarlıq, vətənpərvərlik və milli ruhda yetişən gənclərin olduğunu bildirdi. Milli ruhda yetişən gənclər xarüqələr yaradır. Ərazi bütövlüyümüzün və suverenliyimizin təmin edilməsində müstəsna rol oynayıblar. Gələcəyimiz olan gənclərə etimad təbiidir. Xeyli icra başçısı da gənclər arasından seçilir. Bu dəfə də icra qurumlarındakı vakant yerlərə gənclərin təyinatının üstünlük təşkil etməsi istisna deyil”.
REAL Partiyasının sədri Natiq Cəfərli isə bildirib ki, hakimiyyətin icra qoluna kimlərin təyin olunması maraqlı olsa da əsas məsələ, icra qolunda hansı idarəetmə sisteminin tətbiq olunacağıdır:
Natiq Cəfərli
“Bu daha vacib yanaşmadır. Son illər göstərdi ki, hakimiyyətin icra qolunda əsasən də sosial-iqtisadi məsələlərlə məşğul olan komandada yeni və köhnə kadrlardan ciddi irəliləyiş əldə edilməyib. 10 il bundan qabaqkı iqtisadi parametrlərlə bu günkülər arasında ciddi fərq yoxdur. Adından, yaşından, təhsilindən asılı olmayaraq tək sual ondan ibarətdir ki, yeni təyinatlar ölkədə hansı konsepsiyanı yerinə yetirəcəklər”.
AĞ Partiya başqanı Tural Abbaslı deyib ki, parlamentdə yaşı 70-in üzərində olan şəxslərin təqaüdə göndəriləcəyi gözlənilirdi:
Tural Abbaslı
“84 yaşlı Ziyad Səmədzadə, 79 yaşlı Eldar İbrahimov, Polad Bülbüloğlu, eləcə də digərləri bu gün parlamentdədirlər və kifayət qədər də yüksək vəzifələrdə təmsil olunurlar. Bir neçə məmur vəzifəsi boşaldısa bu yerləri elə gənclərdən ibarət kadrların dolduracağını gözləmək olmaz. İqtidarın hazırkı siyasətində gənc və ya yaşlı kriteriyasının əsas məsələlərdən olduğunu düşünmürəm. Əslində yaş amili o qədər də əhəmiyyətli deyil, burada vacib olan verimlilikdir. Yəni ən əsası odur ki, bu vəzifələrə təyin olunan adamlar vətənə, millətə layiqli şəxslərdən seçilsin”.
Safura Bənnayeva
Globalinfo.az