Bu gün qarlı hava şəraiti ilə əlaqədar olaraq 15 nəfər xəsarət alıb. Səhiyyə Nazirliyindən verilən məlumata görə, yaralanan şəxslərdə əsasən sınıqlar, bilək və said nahiyyəsində deformasiya, kəskin ağrı və şişkinlik müşahidə olunub. İki nəfərə cərrahi müdaxilə tətbiq olunub.
Bu cür hadisələrdən necə qorunmaq olar?
Globalinfo.az-a danışan təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev deyib ki, əlverişsiz hava şəraitində istər nəqliyyat vasitəsi, istərsə də piyada hərəkəti zamanı təhlükəsizlik məsələləri nəzərə alınmalıdır:
“Şaxtalı havalarda, buzlu yollarda səfər etmək vacib deyilsə, bunu fərqli zamana planlamaq daha yaxşı olardı. Avtomobillərin qış mövsümünə, xüsusilə də qarlı havalara həm texniki, həm də sürücünün peşəkarlığı baxımından hazır olması vacibdir. Ehtiyac olmadığı təqdirdə maşından istifadəni təxirə salmaq olar. Piyadalar isə xüsusilə düzgün ayaqqabı seçimi etməli, sürüşmə riski olan yerlərdən ehtiyatlı keçməlidirlər. Bunlar pilləkənlar, səkilər və hərəkət yolu ola bilər”.
Elmar Nurəliyev
Ekspert valideynlərə də müraciət edib:
“Uşaqları nəzarətsiz qoymaq olmaz. İstər oyun oynayarkən, istərsə də səfər zamanı valideynlər diqqət etməlidirlər. Vətəndaşlar qarlı havanın yarada biləcəyi təhlükələri nəzərə almalı və işlərini buna uyğun qurmalıdırlar”.
Qeyd edək ki, fevralın 21-dən sonra hətta gündüz saatlarında temperaturun 0 dərəcədən aşağı olması, yolların buz bağlaması gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatına görə, qeyri-sabit hava şəraiti 5 gün ərzində davam edəcək və bu, qışın ən uzunmüddətli soyuq dövrü olacaq.
Əliyar Xəlil
Globalinfo.az