Vətəndaşlara şad xəbər: Yeni iş yerləri açılacaq

Milli Məclisin dekabrın 8-də keçirilən plenar iclasında qəbul edilmiş “Azərbaycan Respublikası Rəqabət Məcəlləsinin təsdiq edilməsi haqqında” qanun Azərbaycan Respublikası Prezidenti tərəfindən 23 yanvar 2024-cü il tarixində imzalanıb.

Bəzi ekspertlər Rəqabət Məcəlləsinin ölkəmizdə rəqabət mühitinin təmin edilməsi və haqsız rəqabətin aradan qaldırılması üçün hüquqi çərçivənin müəyyən edilməsi məqsədilə hazırlandığını deyir. Bundan başqa, Məcəllə “Antiinhisar fəaliyyəti haqqında”, “Haqsız rəqabət haqqında”, “Təbii inhisarlar haqqında” Azərbaycan Respublikasının Qanunları və digər normativ hüquqi aktları özündə ehtiva edir.

Mövzu ilə bağlı Globalinfo.az-a danışan iqtisadçı-ekspert, deputat Vüqar Bayramov deyib ki, Rəqabət Məcələsinin qəbulu istehlak bazarında canlanma və iqtisadiyyatda rəqabətin ədalətli şəkildə təmin edilməsinə xidmət edəcək:

“Bütövlükdə həm qiymətlərin optimallaşdırılması təmin ediləcək, həm də bəzi məhsulların qiymətlərində nəzarətsiz bahalaşmanın qarşısı alınacaq. Bu isə birbaşa vətəndaşların sosial rifahı və daxili bazarda liberal iqtisadiyyatın formalaşmasına səbəb olacaq.

Nəticə etibarilə daxili bazarda haqsız rəqabət və inhisarçılıq meyilləri azalacaq, biznes mühitinin cəlbediciliyi artacaq. Azad rəqabət və əlverişli biznes mühiti investisiya qoyuluşlarını da artıracaq. Belə olan təqdirdə kiçik və orta sahibkarlıq subyektlərinin sayı artacaq.

Vüqar Bayramov

Xüsusilə daxili bazarda qiymətlərin optimallaşdırılması, bahalaşmanın qarşısının alınması kimi məsələlər vətəndaşların sosial vəziyyətini yaxşılaşdıracaq. Belə ki, kiçik və orta sahibkarlıq subyektlərinin kəmiyyətinin artması yeni iş yerlərinin yaranmasına təkan verəcək. Məhsul və xidmətlərin çeşidi, seçim imkanı artacaq.

İstehsalın və təklifin artması qiymətlərin azalmasına səbəb olacaq, əsassız qiymət artımları ilə mübarizədə səmərəlilik yüksələcək, qiymətlərin optimallaşmasına zəmin yaranacaq”.

Turan Rzayev
Globalinfo.az