e123

Ölkə iqtisadiyyatının cari vəziyyətini əks etdirən son rəsmi göstəricilər müzakirəyə səbəb olub. Belə ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2026-cı ilin ilk beş ayında iqtisadi artım qeydə alınmayıb, orta illik inflyasiya isə 5,6 faiz təşkil edib. Digər tərəfdən, Dövlət Vergi Xidməti yanvar-iyun aylarında dövlət büdcəsinə 8 milyard 842,7 milyon manat vergi daxil olduğunu və bu göstəricinin proqnozu 217,7 milyon manat üstələdiyini açıqlayıb. İqtisadi artımın dayanması fonunda vergi daxilolmalarının artması ekspertlər arasında müxtəlif sual və müzakirələr yaradıb.

İqtisadiyyat gerilədiyi halda vergi yığımı necə artıb? Vergi yığımında artım olubsa, bu, iqtisadi göstəriciyə niyə təsir etməyib?

Globalinfo.az-a danışan deputat Vüqar Bayramov deyib ki, ümumi daxili məhsulda (ÜDM) artımın qeydə alınmaması vergi daxilolmalarına birbaşa təsir göstərmir:

“Bu, iqtisadiyyatın strukturudur. Əsas səbəbi son illər Azərbaycan iqtisadiyyatının əsas hərəkətverici qüvvəsinin qeyri-neft-qaz sektoru olmasıdır. ÜDM-də artımın formalaşması və neft sektorundakı azalmanın kompensasiyası məhz bu sektor hesabına təmin edilir. Bu ilin ilk beş ayında neft sənayesi 0,9 faiz azaldığı halda, qeyri-neft sektorunda 5,8 faiz artım qeydə alınıb. Neft sektorundakı azalmanın əsas səbəblərindən biri hasilatın aşağı düşməsidir. Enerji sektorundakı geriləmə də əsasən neft hasilatının azalması ilə bağlıdır”.

vuqar bayramov 900x506 2

Vüqar Bayramov

Deputatın sözlərinə görə, qeyri-neft sektorundakı artım isə dövlət büdcəsinin gəlirlərinə müsbət təsir göstərir:

“Çünki Dövlət Vergi Xidmətinin topladığı vergilərin əhəmiyyətli hissəsi məhz bu sektorun payına düşür. Buna görə də ÜDM-də ümumi artımın zəif olmasına baxmayaraq, qeyri-neft sektorunun genişlənməsi vergi bazasının böyüməsinə və büdcə daxilolmalarının artmasına şərait yaradır. Bu baxımdan, ÜDM-dəki mövcud dəyişikliklərə rəğmən, qeyri-neft sektorunda artımın davam etməsi növbəti dövrlərdə də dövlət büdcəsinə proqnozdan daha çox vəsaitin daxil olmasına imkan yarada bilər”.

İqtisadçı Natiq Cəfərli isə bildirib ki, vergi yığımlarının artmasının əsas səbəbi vergi dərəcələrinin yüksəlməsidir:

natiq ceferli real 1

Natiq Cəfərli

“Yanvarın 1-dən etibarən özəl sektorda çalışanlar üçün 3 faiz gəlir vergisi tətbiq olunur, yüksək əməkhaqqı alanlar üçün isə vergi dərəcəsi daha çoxdur. Bu dəyişikliklər vergi daxilolmalarının artmasına səbəb olub. Yəni vergi yığımlarındakı artım iqtisadi aktivliyin və ya iqtisadi canlanmanın nəticəsi deyil. Əsas amil vergi dərəcələrinin artırılması və yeni vergi mexanizmlərinin tətbiqidir”.

Ləman İmran
Globalinfo.az

Paylaş: