
Bu yazı ilk dəfə 04.08.2023-cü il 09:35-də yayımlanıb.
Bu günlərdə Naxçıvan Muxtar Respublikasından yeni xəbər gəldi. Təlaşlanmayın, bu dəfə orda hansısa məmuru həbs etməyiblər. Ya da yüksək vəzifəli məmuru işdən çıxarmayıblar. DTX-nın xüsusi əməliyyatı da keçirilməyib. Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin əməkdaşları rəsmi şəxslərdən kimisə rüşvət aldığı yerdə qandallamayıb.
Budəfəki xəbər bir qədər pozitivdir. 8-9 aydır mövqelərini itirə-itirə gələn Talıbov klanı ilə bağlı, nəhayət, müsbət yenilik olub.
Avqustun 1-də məlumat yayıldı ki, Naxçıvan Ali Məclisinin növbədənkənar sessiyası çağırılıb. Sessiyada Ali Məclis komitələrinin sədrləri, sədr müavinləri və üzvlərinin adları açıqlanıb. Yeni tərkiblə deputatların sayı 5-dən 10-a çatdırılıb, 6 komitədən 2-si ləğv edilib.
Komitə üzvləri arasında Naxçıvan Ali Məclisinin sabiq sədri Vasif Talıbov və oğlu Seymur Talıbov da yer alıb. V.Talıbov Sosial siyasət komitəsinin, S.Talıbov isə Hüquq siyasəti komitəsinin üzvü seçilib.
Bu, Vasif Talıbov və oğlunun təzyiq, basqı altından çıxmasının “müjdəsi” sayıla, indən belə bu klana toxunulmayacağı anlamına gələ bilər. Ağır “döyüşdən” böyük itkilərlə çıxmış Talıbovlara indən sonra rahat nəfəs almaq şansı tanınıb.
Ata-oğul Talıbovların Ali Məclisdə komitə üzvü seçilmələri əfvə düşmələri kimi də anlaşılır.
Fəqət bu yeniliyə, “əfv”ə, bir qədər təftişçi gözü ilə baxdıqda, məlum olur ki, məsələ xeyli dərəcədə kədərlidir, sentimentaldır. Üstəlik ibrətlikdir.
30 ilə yaxın müddətdə Naxçıvanın şəriksiz sahibi olasan, insanlar səni görəndə qaçıb gizlənsin, nökər-naibin qabağında ikiqat olsun, mərkəzi hakimiyyəti saymayasan, Bakıdan Naxçıvana qatır getsə dırnaq salsın, quş uçsa qanad, nazirlər sənin icazən olmadan muxtar respublikaya ayaq basa bilməsin.
Və günün birində bunlar hamısı sənin əlindən çıxsın. Vəzifəni, var-dövlətinin xeyli hissəsini, hörmətini, zəhmini itirəsən. Az qalsın, azadlığından da olasan.
Yəqin V.Talıbovu və oğlunu komitə üzvü seçilmələri münasibəti ilə təbrik edənlər olub. Bu, lap məşhur tamaşadakı “dütdülü” təbrikinə oxşayar. Anarın ssenarisi əsasında çəkilmiş “Evləri köndələn yar” televiziya tamaşasında iki maraqlı personajın – “Şakir Şəkəroviç”lə “Surxayzadə”nin nərd oynadıqları səhnədə dialoqunu çoxları xatırlayır. Aşağıda həmin epizodun videosunu paylaşırıq.
Cəfər Cabbarlının “Sevil” əsərində isə belə bir fraza var: “Nə günlərə qaldın, Balaş”.
Vəzifədə elə işləmək lazımdır ki, sonradan sənə dütdülü atdığın üçün kimsə “Nə günlərə qaldın, Balaş” deməsin…
Tahir Turan
Globalinfo.az