“Vasif Talıbov və Ramiz Mehdiyevin Milli Məclisdə 70 adamı var” – Onlar kimdir?

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sabiq sədri Vasif Talıbovun istefa qərarı bir müddətdir ki, geniş müzakirə edilir. Onun istefası sonrası bir çox yeni faktlar aşkarlanır, iddialar səslənir. Talıbovun istefası Ramiz Mehdiyevin istefasından sonra rezonans doğuran bəlkə də ikinci siyasi hadisə oldu.

Hər iki şəxs faktiki olaraq tutduqları vəzifələrdən uzaqlaşdırılsa da onların icra strukturlarında, hüquq mühafizə sistemində, deputat korpusunda adamlarının olduğu deyilir. “5-ci kolon”un liderləri olaraq da bilinən bu şəxslərin Milli Məclisdə adamlarının olması ciddi suallar yaradır.

Maraqlıdır, ölkədə növbədənkənar parlament seçkiləri keçirilə bilərmi?  “5-ci kolon”un nümayəndələrini Milli Məclisdən yığışdırmaq planı varmı?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan sabiq millət vəkili, politoloq Cümşüd Nuriyev deyib ki, mütləq şəkildə növbədənkənar parlament seçkiləri keçirilməlidir:

“Ümumiyyətlə ölkədə baş verən son hadisələr bir daha onu göstərdi ki, Azərbaycan parlamentinin əksər üzvü öz funksiyalarını icra etmir. Bu şəxslər sadəcə məddahlıq edirlər. Sözləri ilə əməlləri qəti üst-üstə düşmür.

Milli Məclisdə bir qrup gənc və orta yaşlı deputat var ki, məhz onlar dövlət siyasətini dəstəkləyir. Onların sayı da orta hesabla 20-25 nəfərdir. Bu zaman sual yaranır, bəs yerdə qalan 90 deputat nə işə baxır?

Qalanlar ancaq havayı maaş alırlar. Eyni zamanda bir qismi Rusiyanı, bir qismi də İranı dəstəkləyir. Bu gün parlamentdə İranı, Rusiyanı dəstəkləyən kifayət qədər deputat var. Adları Azərbaycan millət vəkili olsa da başqa maraqlara, dövlətlərə vəkillik edirlər”.

C.Nuriyevin sözlərinə görə, “5-ci kolon” parlamentdə çox güclüdür:

“Misal üçün, Vasif Talıbov vəzifədə olanda onun əlini öpməyə hazır deputatlar, başqa vəzifəli şəxslər var idi. O, Milli Məclisə gələndə bilmirdilər necə yaltaqlansınlar. İndi vəzifədə deyil, həbsini tələb edirlər. Demirəm ki, Vasif Talıbov məsumdur, təmizdir, safdır. Xeyir. Mən Talıbovla bağlı fikirlərimi hələ bir il öncədən demişəm. Açıq şəkildə bildirdim ki, Vasif Talıbov Ramiz Mehdiyevin dəstəsinin üzvüdür.

Yəni demək istədiyim odur ki, bir insan yıxılandan sonra ona zərbə vurmaq çox asandır. Milli Məclis ölkənin siyasi diaqnostikası olmalıdır. Millət vəkilləri millətin dərdini çəkməlidir. Baxın, bu gün azərbaycanlı gənclər neçə gündür Şuşa-Laçın yolunda aksiya keçirir. 10-12 deputatı çıxmaq şərti ilə heç biri bu haqda nəsə demir. Millət vəkillərini araşdırdıqda görmək olur ki, əksəriyyəti bir və ya iki xarici dil bilir. Lakin Ruben Vardanyan Qarabağda müxtəlif provokasiyalar etdiyi bir dövrdə millət vəkilləri xarici mediaya müsahibə verib sosial şəbəkələrində bildikləri dildə məqalələr yazmırlar”.

Politoloqun fikrincə, hazırda Milli Məclisdə Vasif Talıbov və Ramiz Mehdiyevə sadiq 70-ə yaxın deputat var:

“Bu, çox ciddi rəqəmdir. Çünki 70 deputat parlamentdə səs çoxluğu deməkdir. Hesab edirəm, Ramiz Mehdiyev kimi şəxslərin həbs edilməməsinin səbəbi parlamentdə ona sadiq deputatların hələ də qalmasıdır.

Bu vəziyyəti dəyişməyin yolu parlamentdən bu şəxsləri uzaqlaşdırmaqdır. Bunun üçün isə növbədənkənar parlament seçkiləri keçirməlidir”.

Turan Rzayev
Globalinfo.az