“Vasif Talıbov hakimiyyətinin cinayətlərinə dair geniş dosye hazırlanır” – Naxçıvandan sensasion məlumatlar gəlir

Xeyli müddətdir ölkə gündəminin baş mövzusu olan Naxçıvan prosesləri bir qədər səngimiş kimi görünür. Bəs gerçəklikdə nə baş verir? Muxtar Respublikada baş verənlər sakitləşibmi? İndən sonra heç bir əməliyyat aparılmayacaq?

Globalinfo.az Naxçıvanda son vəziyyətlə bağlı Ovqat.com saytının baş redaktoru, əslən Naxçıvandan olan tanınmış jurnalist Heydər Oğuzla danışıb.

“Məndə olan məlumatlara görə, Naxçıvanda proseslər səngiməyib. Sadəcə prosesi DTX apardığından, öz iş prinsipinə uyğun olaraq onu məxfilik şəraitində yürüdür. Hər gün Naxçıvandan Bakıya xeyli sayda adam gətirilir və onlardan öz iş fəaliyyətlərində yol verdikləri nöqsanlarla bağlı ifadələr alınır. Görünən budur ki, Naxçıvanda Vasif Talıbov hakimiyyətinin cinayətlərinə dair genişmiqyaslı dosye hazırlanır. Bu isə Naxçıvan hakimiyyətinin ən yüksək yetkililəri ətrafında araşdırmaların davam etdiyini göstərir”, – Heydər Oğuz bildirib.

Onun sözlərinə görə, konkret olaraq böyük cinayətkarların indiyədək saxlanılmamasının, ümumiyyətlə Naxçıvanla bağlı araşdırmaların ləngiməsinin əsas səbəbini yetkili şəxslərin toxunulmazlıq statusu ilə bağlı ola bilər:

“Məsələ burasındadır ki, həm Naxçıvan MR Ali Məclisinin sədri Vasif Talıbov, həm onun oğlu Seymur Talıbov, həm də “Cahan Holdinq”in prezidenti Vüqar Abbasov MR Ali Məclisinin deputatıdırlar. Deputatların isə toxunulmazlıq statusu var. Vasif Talıbov bu gün baş verənləri 2020-ci ilin əvvəlində hiss etdiyindən hər iki şəxsə deputat mandatı verib toxunulmazlıqlarını təminat altına alıb. Onların saxlanılmadan əvvəl toxunulmazlıq statusu qaldırılmalıdır. Buna isə Naxçıvan Ali Məclisi qərar verə bilər. Yəqin razılaşarsınız ki, Ali Məclis Vasif Talıbovun iradəsindən asılı olduğundan belə bir qərar qəbul etməz”.

H.Oğuz qeyd edib ki, digər bir variant isə Azərbaycan Prezidentinin Naxçıvan separatizminin təhlükəsini nəzərə alıb referendum keçirməsi və Naxçıvanın muxtar statusunun ləğvini ümumxalq səsverməsinə buraxmasıdır:

“Bu isə uzun zaman ala və bir sıra insidentlərə yol aça biləcəyindən, fikrimcə, Prezident İlham Əliyev daha uyğun yol tutaraq Vasif Talıbovun özünün təslim olmasını gözləyir və sərt müdaxilə üsulunu son variant olaraq saxlayır. Yəqin, ümid edir ki, Vasif Talıbov dirənişin heç bir fayda gətirməyəcəyini anlayıb, ondan gözlənilən addımları atacaq.

Vasif Talıbovun qol-budaq olunub vəzifədə saxlanılacağı, yoxsa həbsə atılacağı məsələsinə qərar verəcək şəxs, təbii ki, Prezident İlham Əliyevdir. Prezidentin gələcək planı barədə danışmaq mənə düşməz. Amma məndən soruşsanız, sadəcə hansı yolun daha ədalətli ola biləcəyi barədə öz mülahizələrimi deyə bilərəm. Hesab edirəm ki, Vasif Talıbov Azərbaycanın suverenliyinə qəsd etdiyi və əhaliyə zülm yaşatdığı üçün ən ağır cəzaya layiq görülməlidir. Naxçıvan camaatı da dövlətdən bunu gözləyir və hesab edirəm ki, sonda xalqla dövlətin istəyi üst-üstə düşəcək”.

Gülnar Səlimova
Globalinfo.az