Vardanyanla Xocalı qatillərini nə fərqləndirir? – “Məhkəmənin qərarını gözləyək”

Qarabağdakı keçmiş separatçı-terrorçu qurumun “dövlət naziri” vəzifəsində çalışmış Ermənistan vətəndaşı Ruben Vardanyan barəsində Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq İdarəsinin təqdimatına Səbail Rayon Məhkəməsində baxılıb. Məhkəmə tərəfindən Ruben Vardanyan barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

R.Vardanyanın Cinayət Məcəlləsinin 214-1 (terrorçuluğu maliyyələşdirmə), 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrin və ya qrupların yaradılmasında və fəaliyyətində iştiraketmə) və 318.1-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməsinə əsaslı şübhələr müəyyən edilib.

Vardanyandan sonra qondarma rejimin keçmiş müdafiə naziri Levon Mnatsakanyan Qarabağdan Ermənistana keçmək istəyərkən “Laçın” sərhəd-buraxılış məntəqəsində saxlanıldı. Separatçıların “təhlükəsizlik şurasının keçmiş katibi” Xocalı qatili Arşavir Qaramyan isə Azərbaycan xüsusi xidmət orqanları tərəfindən saxlanıldı.

Bəzi rəylərə görə, Vardanyan ilə Mnatsakanyan və Qaramyanın cinayətləri eyni deyil. Belə əsaslandırılır ki, Vardanyan siyasi fiqur olub, müharibə cinayətlərində iştirakı təsbit edilməyib, amma digərlərinin əli Azərbaycan xalqının qanına batıb.

Maraqlıdır, Vardanyan və hərbi canilərə Azərbaycan dövlətinin münasibəti fərqli ola bilərmi? Məhkəmə hökmlərində, istintaqda bu məqam nəzərə alınacaqmı və ya alınmalıdırmı?

Globalinfo.az-a danışan politoloq Xəyal Bəşirov deyib ki, bu mövzu bir neçə gündür Azərbaycan cəmiyyətini zəbt edib:

Xəyal Bəşirov

“Aydın məsələdir ki, Vardanyan ilə Xocalı cinayətkarı eyni deyil. Yəni Vardanyan özü də cinayətkardır, lakin törətdiyi cinayətin motivi eyni deyil.
Daşaltı, Xocalı cinayətkarlarının hüquqi məsuliyyətə cəlb edilməsi istiqamətində işlər görülür. Bəzilərinin saxlanılması gündəmdədir. Hər kəs törətdiyi cinayətə görə məsuliyyət daşıyır. Vardanyanın törətdiyi əməllər də qanunla ziddir. Düşünürəm ki, sərhədlərimizi qanunsuz keçmək, qanunsuz silahlı birləşmə yaratmaq və onu maliyyə ilə təmin etmək ciddi məsələlərdi. Lakin yenə də onun cəzası ilə Xocalı qatillərinin məsuliyyətləri fərqli olmalıdır. Bu hüquqla, qanunla tənzimlənən məsələdir. Düşünürəm buna məhkəmə qərar verəcək. Hər kəs törətdiyi cinayətə görə, məsuliyyətə cəlb edilib cəza veriləcək”.

Turan Rzayev
Globalinfo.az