Vardanyan Xankəndidə: nələr yaşana bilər? – Politoloq açıqladı

Separatçı Ruben Vardanyanın Moskvaya gedib-qayıtması göstərir ki, biz proseslərin hər cür inkişaf tendensiyasına və ssenarisinə hazır olmalıyıq.

Bu sözləri Globalinfo.az-a politoloq Şəbnəm Həsənova Vardanyanın Moskvadan Xankəndiyə qayıtması haqda danışarkən deyib.

O bildirib ki, Vardanyanın və digərlərinin timsalında növbəti belə pozucu addım Azərbaycan Ordusu tərəfindən “qiymətləndiriləcək”:

“Vardanyanı ora gətirdikləri kimi, çıxaran qüvvələr də Azərbaycanın nə istədiyini yaxşı anlayıblar. Vardanyan planını, onun effektivliyini Bakı pozdu, bu işdə rolu olan aksiyalar da nəticəsini göstərir, bundan sonra digər məsələlərdə də göstərəcək. İstər Vardanyan Xankəndiyə yenidən gəlsin, istər gizli sövdələşmələr olsun – fərq etməz, rəsmi Bakı proseslərə sayıq, təmkinli, mərhələli şəkildə yanaşır”.

Politoloq qeyd edib ki, bundan başqa, Ermənistan aldatma periodunda heç nə qazanmayıb, nələr itirəcəyi haqqında isə ciddi hesablamalar aparmalıdır:

“Ermənistandakı anti-Rusiya əhvali-ruhiyyəsinin pik səviyyədə olmasını, Dövlət Dumasının sədri Vyaçeslav Volodinin Qərb strukturlarını, institutlarını tənqid etməsini, məsələlərə onların müdaxiləsinin Ermənistanın timsalında necə nəticələnəcəyi ətrafında ciddi düşünməyə çağırmasını göz önündə tutsaq, deyə bilərik ki, Moskva hələlik strateji olaraq geri çəkilir. Danışıqların Brüssel formatı aktivləşəndə də belə bir mənzərə yaranmışdı. Ola bilər ki, yeni bir başqaldırış, meydanaçıxma Vardanyan deyil, başqa bir fiqur, ya da hansısa üsulla olacaq. Tam aydın görünür ki, Rusiya Cənubi Qafqazı heç bir halda rəqiblərinə güzəştə getmək fikrində deyil”.

Qeyd edək ki, “Caliber” özünü Xankəndidəki separatçı rejimin “dövlət naziri” elan etmiş Ruben Vardanyanın Qarabağa qayıtması haqda məlumat yayıb. Mənbə bunun nəticələrinin regional münasibətlər və Ermənistan tərəfi üçün son dərəcə ağır olacağını deyib.

Turan Rzayev
Globalinfo.az