VACİB: Məktəblər karantinə bağlana bilər – Xəstəlik sürətlə yayılır

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub.

Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

Globalinfo.az-a danışan təhsil məsələləri üzrə ekspert Elmin Nuri deyib ki, 2020-ci ildə dünyada pandemiya elan olunan zaman məktəblərin dərhal bağlanması ilə bağlı qərar qəbul edən ölkələr arasında Azərbaycan 12-ci oldu.

Onun sözlərinə görə, xəstəlik sürətlə yayılmadan Azərbaycan lazımi addımlar atıb:

“Bu addım tədrisin keyfiyyətinə mənfi təsir etsə də, məktəblərdə bir çox fəsadların qarşısını almış oldu. Təəssüf ki, indi də qızılca xəstəliyi yayılıb. Bu xəstəliyin epidemik və ya pandemiya səviyyəsinə çatmasını heç kim istəməz. Düzü, pandemiya səviyyəsinə qalxması mümkün deyil, amma epidemiya səviyyəsində olacağını da arzu etmirik. Artıq 300-ə yaxın şəxs qızılcaya yoluxub, lakin bunun neçəsinin şagird olduğunu bilmirəm. Verilən qərara görə, orta və yaşlı əhali də peyvənd olunacaq”.

E.Nuri deyib ki, gələn həftə yoluxanların sayı artarsa, o zaman təhsil müəssisələrində vacib qərar qəbul edilməlidir:

“Ən doğru qərar distant formanın tətbiqi ola bilər. Yəqin ki, dərslər hibrid formaya keçirilər. İndidən həyəcan təbili çalmaq lazımdır. Çünki bir nəfər eyni anda 10 nəfəri, 10 nəfər 100 nəfəri, 100 nəfər isə 1000 nəfəri yoluxdurma gücündədir. Əgər vəziyyət düzəlməsə və ciddi addımlar atılmasa, saylarda artım olarsa, mütləq hibrid tədrisi bərpa etməliyik.

Xatırlayırsınızsa, Bakı məktəblərində belə bir ənənə var idi ki, sinifdə bir nəfər şagird COVID-19 virusuna yoluxardısa, avtomatik həmin sinif otağı bağlanır, dərslər onlayn qaydada keçirilər, bir neçə uşaq yoluxardısa, artıq məktəbin özü iki həftəlik bağlanardı. Düşünürəm ki, məktəblərdə xüsusi monitorinqlər aparılmalıdır. Qızılcanın olduğu təhsil ocaqları mütləq iki həftəlik karantin müddətinə alınmalıdır”.

Zaira Akifqızı
Globalinfo.az