Üzeyir Cəfərov Babək Səmidlinin səs yazısı ilə bağlı yeni məqamlara toxunub – AÇIQLAMA

“İş adamı Fərhad Əhmədovun köməkçisi olan xanım deyir ki, Babək Səmidli səsinin yazılmasını Fərhad bəydən özü xahiş edib. Mən bunun belə olduğunu düşünmürəm. Səs yazmağa qalsaydı, Babək Səmidli özü səsini yazıb, yaxın bir adama ötürər və beləliklə, səs yazısının yayılmasına nail olardı. Mənə elə gəlir ki, F.Əhmədov ehtiyatsızlıq edib, nəticədə audio başqalarının əlinə keçib, yayılıb”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında hərbi ekspert Üzeyir Cəfərov şəhid polkovnik Babək Səmidlinin səs yazısının iş adamı Fərhad Əhmədov tərəfindən yayılması iddiaları ilə bağlı danışarkən deyib.

O bildirib ki, F.Əhmədov B.Səmidlinin etibarından sui-istifadə edib:

“Bunu da Dövlət Təhlükəsizlik Xidməti (DTX) araşdıracaq. Hər halda bu, çox ciddi məsələdir. Çünki Babək sıradan biri deyildi, korpus komandirinin şəxsi heyət üzrə müavini olub. Şükür ki, səs müharibədən sonra yayıldı, amma xoş niyyətlə yayıldığını düşünmürəm. Dünyanın hər bir ordusunda çatışmazlıqlar var. Azərbaycan ordusu isə 30 ilə yaxındır yaranıb. Ona görə də bu səs yazısı yayılıbsa, hər halda məqsədsiz yayılmayıb”.

Mənbə: Milyarder Fərhad Əhmədov DTX tərəfindən saxlanılıb

Ekspert deyib ki, hazırkı dövrdə mobil texnologiyaların insanların kimlərlə danışmasını müəyyən etməsi üçün qısa bir müddət lazımdır:

“Məncə, Babək Səmidli səsinin F.Əhmədov tərəfindən yazıldığını bilsəydi, elə fikirlər səsləndirməzdi. Sadəcə olaraq, Babək ümumi problemləri dilə gətirib, Fərhad Əhmədov isə yəqin ki, bu səsi məqsədli şəkildə qeydə alıb. O, Babək Səmidliyə səsini yazdığını deməli idi.

Səsi diqqətlə dinləyəndə aydın olur ki, Əhmədov Səmidliyə təkrar suallar verir və dəqiqləşdirməyə çalışır. Bu, məsələdə bəlli bir məqsədin olduğunu göstərir. Niyə, nə məqsədlə yazılıb – o artıq istintaqın işidir və DTX buna aydınlıq gətirəcək. Bir sözlə, bu məsələdə Fərhad Əhmədovun rolu var və bunu köməkçisi vasitəsilə özü də inkar etmir”.

Zaira Akifqızı
Globalinfo.az