Ümid partiyası qurumun Nərimanov rayonunun “Montin” qəsəbəsindəki ofisində əməliyyat keçirilməsi ilə bağlı məlumata münasibət bildirib.
Globalinfo.az xəbər verir ki, partiya yaydığı məlumatda hadisənin ofisdə deyil, küçədə baş verdiyini bildirib.
Qeyd edilib ki, hadisə yanvarın 17-də qeydə alınıb: “Ümid Partiyasının 150 m məsafədə yerləşən “Şəkərbala” uşaq bağçasının qarşısında axtarışda olan şəxs polis işçiləri tərəfindən saxlanılıb. Xeyli polis işçisinin toplandığı yerə Ümid Partiyasının sədri yaxınlaşıb və hadisənin mahiyyətini soruşub.
Ona cavab olaraq bildirilib ki, axtarışda olan şəxslə bağlı tədbirdir. Sədr polislərə uğurlar arzulayıb və qərargaha dönüb.
Ümid Partiyasının qərargahında, sədrin otağında, partiyaya aid ərazidə nə kimsə saxlanılıb, nə də axtarış aparılıb”.
***13:15
Hüquq-mühafizə orqanları Ümid Partiyasının mərkəzi qərargahında əməliyyat keçirib.
Globalinfo.az xəbər verir ki, gununsesi.info-nun əldə etdiyi məlumata görə, əməliyyat zamanı Elnur adlı şəxs partiya sədri İqbal Ağazadənin kabinetində həbs edilib. Adıçəkilən şəxsin Ümid sədrinin dostu və həmyerlisi olduğu iddia edilir.
Lakin Gununsesi.info-nun sorğusunu cavablandıran Ümid Partiyasının sədri İqbal Ağazadə əməliyyatın partiyanın ofisində keçirilmədiyini deyib:
“Bizim partiyanın qarşısında belə bir hadisə olub. Amma bunun partiyaya hər hansı aidiyyatı yoxdur. Mən maraqlandım, dedilər ki, axtarışda olan şəxs tutulub”.