Ukraynaya kütləvi hava hücumunun nəticələri – Fotoreportaj

Dekabrın 29-u gecədən səhərə qədər Rusiya ordusu tərəfindən bütün Ukrayna üzrə ballistik raket və dron hücumlarının nəticələri məlum olub.

Globalinfo.az bildirir ki, yerli qurumların “Report”un Şərqi Avropa bürosuna verdiyi məlumata görə, ölkə üzrə 128 nəfər yaralanıb, 22 nəfər həlak olub. Yaralanan 28, ölən 2 nəfər paytaxt Kiyevə aiddir. Ukrayna üzrə son hücum zamanı 10 azərbaycanlının şəxsi əmlakı da ciddi zərər görüb.

Ukrayna Hərbi Hava Qüvvələri (HHQ) Komandanlığının rəsmisi Yuri İqnat “Report”a bildirib ki, Rusiya dekabrın 29-da kütləvi raket hücumu həyata keçirib: “Bu, Rusiyanın ötən il fevralında Ukraynaya qarşı başladığı genişmiqyaslı müharibədən bəri ən böyük raket hücumlarından biridir. Ukrayna səmasında 158 hədəf olub. Ukrayna Hava Hücumunda Müdafiə Qüvvələri onların 114-nü məhv edib. Düşən ilk öncə “Shahed” pilotsuz uçuş aparatları (PUA) ilə hücum edib. Hücumda iştirak edən 36 “Shahed”dən 27-i zərərsizləşdirilib. Daha sonra düşmən ərazimizə 90 qanadlı raket buraxıb. Buraya X-101, X-555, X-55, X-22, X-31P, X-59, S-300, S-400 və “İsgəndər-M” raketləri daxildir. 87 qanadlı raket havada zərərsizləşdirilib. Bu, çox yaxşı nəticədir”.

Onun sözlərinə görə, hücumlar nəticəsində ölənlər və yaralananlar, dağıntılar var: “Əlbəttə ki, Rusiyanın bu terror hücumu cavabsız qalmayacaq. Rusiya bu hücumla qarşısına qoyduğu məqsədlərə çatmayıb. Təəssüf ki, hazırda S-300, S-400, “İsgəndər-M”, X-22 və “Kinjal” kimi ballistik raketlərin hamısını zərərsizləşdirmək imkanına malik deyilik. Odur ki, Qərb ölkələri anlamalıdır ki, Ukraynanın Hava Hücumundan Müdafiə sistemlərinin gücləndirilməsinə ehtiyac var. Bununla biz həm özümüzü həm də Avropanı qoruya bilərik”.