“Ukraynaya etdiyimiz yardımlar Zelenskinin burnundan gəlsin!” – Aqil Abbas

“Məndə olan məlumata görə, Azərbaycanın Ukraynadakı səfiri hazırda Bakıdadır. Deyəsən, səfir hələ şok vəziyyətindədir. Nə işlə məşğuldur, anlamıram. Diaspor təşkilatı yalnız nəyəsə etiraz edə bilər, çünki onların səlahiyyəti məhduddur. Misir və Sübhanı müdafiə etmək səfirliyin işidir”.

Bu sözləri Globalinfo.az-a açıqlamasında millət vəkili Aqil Abbas İkinci Qarabağ müharibəsi veteranı Misir Qasımlı və onun dostu Sübhan Quliyevə Ukraynada 8 il həbs cəzası verilməsi haqda danışarkən deyib.

O bildirib ki, Azərbaycan tərəfi Ukrayna üçün əlindən gələni etsə də, qarşılığını görməyib:

“Biz Ukraynaya hər cür yardımlar edirik, orada yaşayan azərbaycanlılar döyüşür, hətta həlak olanlar da var. Ukrayna tərəfi gərək erməni şərinə görə belə bir addım atmayaydı. Hər iki gənc Azərbaycana gətirilməlidir. Hamı bilir ki, qazimiz erməni şəri nəticəsində həbs edilib. Görünür, etdiyimiz yardımların əvəzidir. Etdiyimiz yardımlar yekə-yekə danışan Zelenskinin burnundan gəlsin”.

A.Abbas vurğulayıb ki, bundan sonra qəzetində Ukrayna dövləti haqda yazı dərc etməyəcək:

“Daha mənim Ukrayna dövlətinə canım yanmaz. Qazimizə haqsız yerə 8 il həbs cəzası verirlərsə, mənim o dövlətə niyə canım yanmalıdır?! Ukrayna xalqına, evini, həyatını itirənlərə canım yanar, amma bundan sonra Zelenskini müdafiə etmərəm”.

Deputat qeyd edib ki, Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) və hüquq mühafizə orqanları bu işlə ciddi şəkildə məşğul olmalıdırlar:

“Yaxşı vəkil tapmaq lazımdır. Biz oğullarımızı müdafiə etməliyik. Mən oturmuşam Bakıda, qazimiz isə Ukraynada həbsdədir. Vallah, ürəyim parçalanır”.

Zaira Akifqızı
Globalinfo.az