Qoşun yığıldı: daha bir ölkə Ukraynaya hücum edir? – Putinin həmləsi

Belarus Ukrayna ilə sərhədə hərbi texnika yığır. Ölkənin Müdafiə Nazirliyindən bildirilib ki, Silahlı Qüvvələrin mexanikləşdirilmiş briqadalarından birinin tankları sərhəd qoşunlarının qruplarının gücləndirilməsi qərarı çərçivəsində Ukrayna ilə sərhədə göndərilib.

“Hərbi qulluqçular hərbi texnikanı dəmiryolu nəqliyyatına yükləyir və təyin olunmuş ərazilərə birgə yürüş etməyə başlayırlar”, – məlumatda qeyd olunub.

Gərginlik fonunda Belarus Ukraynaya birbaşa hücum edə bilərmi?

Globalinfo.az-a danışan politoloq Elxan Şahinoğlu deyib ki, Belarus Prezidenti Aleksandr Lukaşenko Kremlin sifarişini yerinə yetirir:

“Onun məqsədi Ukraynanın Kurskda apardığı əməliyyatları dayandırıb, diqqətini Belarus sərhədinə çevirməkdir. Aydın məsələdir ki, Belarusun prosesə daxil olması Ukraynanı iki atəş arasında qoyacaq. Belə olan təqdirdə Kiyev Kursk əməliyyatını dayandırıb, Belarus sərhədinə qüvvə cəmləməli olacaq.

Diqqətçəkən məqam odur ki, Belarus prezidenti bir müddət öncə Kremli narazı salacaq addım atdı və qoşunları Ukrayna sərhədindən geri çəkdi. Hətta Lukaşenko bu qərarı ilə bağlı açıqlama da vermişdi. Görünür, Kreml yenə Lukaşenkoya təzyiq edir və o da belə bir addım atır”.

Elxan Şahioğlu

Politoloq qeyd edib ki, Belarusa Ukraynadan təhdid yoxdur:

“Yəni Minsk Kiyevlə müharibəni gözə alırsa, bu həm Ukrayna, həm də Belarusun özünə problem yaradacaq. Xüsusilə bu gün Belarus ordusu içərisində Ukrayna ilə döyüşmək istəməyən yüksəkrütbəli zabitlərin sayı çoxdur. Belarus xalqı da ukraynalı qardaşları ilə döyüşmək istəmir. Lukaşenko müharibə qərarı verərsə, bu onun özü üçün də ciddi problem olacaq. Yəni ölkə daxilində problem ola bilər”.

Turan Rzayev
Globalinfo.az