Ukraynanın qələbəsi üçün yeni həmlə – “Rus kartı” masaya atılır


Rusiyanın aktivlərinin dondurulması və Ukraynaya verilməsi Moskvaya qarşı Qərbin növbəti hücumu kimi dəyərləndirilir.

Bu addım Ukrayna cəbhəsində özünü necə göstərəcək? Bir ölkənin aktivlərinin dondurularaq başqa bir dövlətə verilməsi hansı hallarda mümkün olur?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Ramiyə Məmmədova deyib ki, Rusiyanın dövlət səviyyəsində etdiyi ticarətlər, yatırımlar ABŞ-da dondurulmuş halda idi:

“Uzun müddətdir ki, Ukraynanın yenidən qurulması üçün Rusiyanın dondurulmuş aktivlərindən istifadə edilməsi barədə müzakirələr gedir. Rəsmi Moskva da bununla bağlı iddia qaldırıb ki, heç bir halda dondurulmuş aktivlər Ukraynaya verilə bilməz. Əslində, hər hansı dövlətin aktivlərini başqa dövlətə verilmək olmaz. Yalnız həmin ölkənin razılığı ilə bir neçə faiz verilə bilər”.

Politoloqun fikrincə, Ukrayna müharibəsini Rusiya öz nəzarətinə keçirib:

“Rəsmi Kiyev nə qədər silah-sursat, hava hücumundan müdafiə sistemləri tələb etsə də, artıq ABŞ və Qərb yardımları azaldıb. Ukrayna digər ölkələrə üz tutsa da, gözlənilən dəstəyi ala bilmir. Maddi dəstək vermək istəməyən Qərb Rusiya aktivlərinin verilməsi məsələsini gündəliyə çıxarıb. Lakin dondurulmuş pulların belə Kiyevə çatacağını düşünmürəm. ABŞ Ukraynaya dəstək adı altında sözügedən pulları götürüb, öz dövləti üçün istifadə edə bilər. Rusiya o qədər pulu ABŞ və Ukraynanın öhdəsinə verəcək qədər gücsüz deyil”.

Safura Bənnayeva

Globalinfo.az