“Krokus” teraktının arxasında iki böyük qüvvə dayanır – Biri ABŞ, digəri isə…

Rusiya İstintaq Komitəsi “Krokus” terrorunun Ukraynadan maliyyələşdiyi haqda bəyanat verdi. Bəzi ekspertlər iddia edir ki, bu, Prezident Vladimir Putinin istəyi əsasında verilən bəyanatdır: o bununla Ukraynanı işğal etmək üçün legitim əsas yaratdı.

Rusiya bundan sonra Ukraynanın ən azı şərq hissəsinin işğalına nail ola biləcəkmi?

Globalinfo.az-a danışan politoloq Azad Məsiyev deyib ki, Moskvada törədilən terror hadisəsi siyasi motivlidir:

“Bununla Rusiya daxilində xaosa nail olmaq, dövlətə inamı sarsıtmaq və cəmiyyətdə qorxu, dəhşət yaratmaq hədəflənirdi. Qeyd edim ki, başda ABŞ olmaqla Qərb koalisiyası Rusiyanı düşmən elan edib. Bu ölkəni dünya siyasi arenasından silmək üçün əlindən gələni edirlər. Bu məqsədlə Rusiyaya sərt, ağır sanksiyalar tətbiq olunur. Sanksiyalar ilə Rusiya iqtisadiyyatını zəiflədib sosial problemləri artıraraq insanları mərkəzi hakimiyyətə qarşı ayaqlandırmaq istəyirlər.

ABŞ-ın bu planı fiaskoya uğradı. Xalq Putini yenidən prezident seçərək əslində bunu bir daha göstərmiş oldu. Buna görə də Rusiya cəmiyyətində yeni təlatümün yaradılmasına ehtiyac vardı. Hesab edirəm, Moskva teraktı məhz bu təlatümün yaranmasına hesablanan bir hadisədir. ABŞ və Qərb koalisiyası demokratiya ideyası adı altında müdaxilə edə bilmədiyi ölkələrdə xaos yaradır”.

Politoloq bildirib ki, KİV-lərdə Ukraynada baş verənlərlə Moskvadakı terakt arasında paralellik aparılır:

“Mən bu iki hadisə arasında əlaqənin olduğunu düşünmürəm. Ümumiyyətlə, Ukrayna müharibəsi ondan qaynaqlanır ki, ABŞ demokratiya adı altında Ukraynanı işğal etdi və Rusiya əleyhinə istifadəyə başladı. Rusiya da özünü müdafiə üçün Ukraynada xüsusi əməliyyatlara başladı. Yəni bu terror hadisəsi olsun, ya olmasın, Rusiya öz məqsədinə çatmaq üçün Ukraynada əməliyyatlara davam edəcəkdi.

Rusiyanı hadisə ilə bağlı günahlandıranlar unudur ki, teraktın olacağı ilə bağlı ABŞ çox öncədən xəbərdarlıq etmişdi. Belə bir məlumatı ancaq və ancaq icraçı, sifarişçi bilə bilər. Bu onu deməyə əsas verir ki, Moskva teraktının pərdəarxasında dayanan qüvvə ABŞ və kollektiv Qərbdir”.

Turan Rzayev
Globalinfo.az