Ukraynanın fəlakət hücumu başlayır – Rusiya bu istiqamətdə qoşunlarını geri çəkdi

“Qərb ölkələrinin Ukraynaya Rusiya ərazisini uzaqmənzilli raketlərlə vurmağa icazə verməsi müharibənin gedişatında önəmli hadisədir”.

Bu sözləri Globalinfo.az-a politoloq Şahin Cəfərli deyib.

O bildirib ki, sözügedən icazə müharibənin gələcəyi üçün radikal dəyişikliyə səbəb olmayacaq, çünki artıq gözlənilməzlik amili aradan qalxıb:

“Bir müddət əvvəl Qərbin Ukraynaya bununla bağlı icazə verdiyi haqda məlumatlar yayılmışdı. Yəni Rusiya bu məsələdən çoxdan xəbərdar idi. Hətta Rusiya kəşfiyyatı bundan daha əvvəl xəbər tutmuşdu. Beləliklə, Rusiyanın ehtiyat tədbirləri gördüyünü demək olar.

Bunu sübut edən digər məqam isə Rusiyanın hədəfdə olan aerodromlardakı təyyarələrini geri çəkməsidir. Eləcə də Novarosinsk limanındakı donanma Soçiyə doğru geri çəkilib. Rusiya hazırlıq gördüyü üçün ediləcək hücumların effekti elə də çox olmayacaq.

Şahin Cəfərli

Bütün hallarda Ukraynanın atəş gücünün yüksəlməsi müharibədə ona əlavə imkanlar yaradacaq. Rusiyanın atəş mənzilindən helikopterləri, döyüş gəmilərini, canlı qüvvəni geri çəkməsi belə Ukrayna üçün müsbət hadisədir. Xüsusilə döyüş helikopterləri geri çəkiləndə uçuş məsafəsi uzanır və bu onların döyüş keyfiyyətinə təsir edir. Rusiya ordusunun aviasiya dəstəyinin azalması Ukrayna üçün cəbhədə ciddi uğur ola bilər.

Ukrayna uzaqmənzilli raketlərlə Krım körpüsünü də vura bilər. Buna nail olsalar, Krım tam blokadaya düşəcək”.

Ş.Cəfərli Rusiyanın ehtimal cavabı haqda da danışıb:

“Rusiya əlindəki imkanlardan maksimum istifadə edir. Xüsusilə kütləvi qırğın silahları istisna olmaqla, əksərini tətbiq edir. Müharibə davam etdikcə Rusiya daha güclü silahlara əl atacaq”.

Turan Rzayev
Globalinfo.az