Ukraynada beynəlxalq tərəfdaşlarla birgə müdafiə texnologiyalarının inkişafını tənzimləyən vahid qaydalar qüvvəyə minib.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukraynanın Baş naziri Yuliya Sviridenko “Teleqram” kanalında məlumat verib.
Onun sözlərinə görə, Nazirlər Kabineti əməkdaşlığın dəqiq mexanizmini təsdiqləyib. Sviridenko bildirib ki, qəbul edilən qərar Ukrayna və tərəfdaş ölkələrə birgə qrant müsabiqələrinin operativ şəkildə başlamasına imkan verəcək. İlk dəstək proqramlarının ümumi büdcəsi artıq 100 milyon avronu ötüb.
Baş nazir qeyd edib ki, qrant müsabiqələrində yalnız Ukrayna şirkətləri deyil, həm də xarici ölkələrdə fəaliyyət göstərən tərtibatçılar və startaplar iştirak edə biləcəklər.
Layihələrin maliyyələşdirilməsi Ukrayna ilə tərəfdaş ölkələrin bərabər töhfələri hesabına yaradılacaq ümumi qrant fondları vasitəsilə həyata keçiriləcək. Hazırlanan bütün texnologiyalar isə məcburi sınaqdan keçiriləcək.
Məlumata görə, Brave1 klasteri (2023-cü ildə yaradılan Ukraynanın aparıcı müdafiə texnologiyaları klasteridir – red) yaxın vaxtlarda ilk beynəlxalq qrant müsabiqələrinə start verəcək.
Əliyar Xəlil