Ukrayna və ABŞ rəsmiləri arasında danışıqlar baş tutub. Tərəflər təhlükəsizlik təminatlarına dair məsələləri müzakirə ediblər.
Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski teleqram kanalında məlumat yayıb.
O bildirib ki, bu təminatlarla bağlı konkret çərçivənin yaxın vaxtlarda formalaşdırılması gözlənilir.
Danışıqlarda ABŞ-ni dövlət katibi Marko Rubio, Pentaqon rəhbəri Pit Heqset, ABŞ Prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff, Prezident Donald Trampın kürəkəni Cared Kuşner və bir sıra yüksək rütbəli amerikalı generallar təmsil edib. NATO-nun Baş katibi Mark Rütte də müzakirələrdə iştirak edib.
Görüş zamanı Ukraynanın təhlükəsizliyinin təmin olunması və Rusiyanın yeni hücumunun qarşısının alınmasında ABŞ-nin rolunun əhəmiyyətinə toxunulub. Tərəflər yaxın vaxtlarda təhlükəsizlik təminatları ilə bağlı yekun çərçivə sazişi üzərində işləmək barədə razılığa gəliblər.