Ukrayna ordusu niyə irəliləyə bilmir? – Gerçək səbəb…

Son günlər Rusiya-Ukrayna müharibəsində böyük dəyişikliyin müşahidə edilməməsi diqqət çəkir. Bir müddət öncə Ukrayna tərəfi əks-hücum əməliyyatlarına başladıldığını elan etsə də, hazırda bu istiqamətdə ciddi uğurun qazanıldığından bəhs edilmir.

Xüsusilə Rusiyada Priqojin qiyamı fonunda Ukrayna ordusunun əks-hücuma keçəcəyi gözlənilirdi, lakin bu da baş tutmadı.

Maraqlıdır, rəsmi Kiyev nə üçün ciddi uğurlar əldə edə bilmir?

Mövzu ilə bağlı Globalinfo.az-a danışan politoloq Tural İsmayılov deyib ki, Ukraynanın əks-hücum əməliyyatları davam edir:

“Müharibə səngiməyib və davam edir. Rəsmi Kiyev əks-hücum əməliyyatları fonunda kifayət qədər uğurlar əldə edib. Lakin döyüş bölgəsinin böyüklüyünü nəzərə aldıqda Ukraynanın yekun qələbəsi və ya hazırkı mərhələdə daha ciddi uğur əldə etməsi üçün əlavə dəstəyə ehtiyac var.

Tural İsmayılov

Qərbin dəstəyi kifayət deyil. Qərb Rusiyanın bu qədər zəifləməsindən istifadə edib, Ukraynaya dəstək verməlidir. Bu dəstək sistematik olmalıdır ki, Ukrayna yekun qələbə əldə etsin”.

Turan Rzayev
Globalinfo.az