Almaniya hökuməti Ukraynaya “Taurus” qanadlı raketlərinin verilməsini gündəmdə saxlamır.
Globalinfo.az xəbər verir ki, bu barədə Almaniyanın müdafiə naziri Boris Pistorius Kiyevdə Volodimir Zelenski ilə görüşdən sonra jurnalistlərə açıqlamasında deyib.
Nazir müxbirin bu məsələ ilə bağlı verdiyi suala konkret cavab verib.
“Siz məndən bunun nəzərdən keçirilib-keçirilmədiyini soruşursunuz? Mən də sizə cavab verirəm: Xeyr!” – deyə Pistorius bildirib.
Öz növbəsində Ukrayna Prezidenti Volodimir Zelenski açıqlayıb ki, tərəflər arasında müzakirə olunan Almaniyaya məxsus IRIS-T hava hücumundan müdafiə sistemlərinin tədarük planı 3 ili əhatə edir.
Pistorius Kiyevə səfərindən əvvəl bəyan etmişdi ki, danışıqlarda Almaniya və digər Avropa ölkələrinin gələcəkdə Ukraynaya göstərəcəyi dəstəyin forması müzakirə olunacaq. Buraya sənaye əməkdaşlığı və digər yardım növləri də daxildir.
Bundan başqa, Pistorius Almaniyanın Ukraynaya əlavə 1,9 milyard avroluq yeni hərbi yardım paketi ayırmağı planlaşdırdığını da deyib.
“Almaniya tərəfindən demək istəyirəm ki, biz bu ilə 4 milyard avro yardım planı ilə başlamışdıq. Son aylarda bu məbləği 7 milyard avroya qədər artırdıq. İndi isə daha 1,9 milyard avro əlavə etməyi düşünürük. Bu qərar hələ tam təsdiqlənməyib,” – deyə nazir bildirib.
Qeyd edək ki, Almaniya ABŞ-dan sonra Ukraynaya ən çox silah tədarük edən ölkədir. Berlin Rusiyanın 2022-ci ildə başlatdığı müharibədən bu yana Kiyevə ümumilikdə 40 milyard avrodan çox yardım ayırıb. Rusiya tərəfi dəfələrlə bəyan edib ki, Ukraynaya silah axını münaqişənin yalnız daha da uzanmasına xidmət edir.
*** 18:19
Almaniya hökuməti Kiyevə əlavə hərbi yardım ayırmağı planlaşdırır. Globalinfo.az xəbər verir ki, bu barədə ölkənin müdafiə naziri Boris Pistorius məlumat yayıb.
Yeni hərbi yardım paketi 1,9 milyard avro həcmində olacaq.
Aysel Əliyeva
Globalinfo.az