1780295477 5a1a4a70668c90057e3555f7052cbec1

“Prezident İlham Əliyevin Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi – “Caspian Oil and Gas”, 14-cü Xəzər Beynəlxalq Təmiz Enerji Sərgisi – “Caspian Power” və “Baku Energy Forum”un rəsmi açılış mərasimində iştirakı Azərbaycanın qlobal enerji gündəmində oynadığı rolun növbəti dəfə nümayişi kimi qiymətləndirilə bilər. Bu tədbirlər artıq uzun illərdir ki, təkcə regional deyil, beynəlxalq enerji sənayesinin mühüm platformalarından biri hesab olunur”.

Bu sözləri Globalinfo.az-a politoloq Yusif Bağırzadə deyib.

Politoloq bildirib ki, Beynəlxalq Xəzər Neft və Qaz Sərgisinin aktuallığı bu gün də yüksək olaraq qalır:

“Bunun əsas səbəbi dünyada enerji təhlükəsizliyi məsələsinin son illərdə daha da ön plana çıxmasıdır. Xüsusilə Rusiya-Ukrayna müharibəsindən sonra Avropanın enerji mənbələrinin şaxələndirilməsi siyasəti Azərbaycanı etibarlı tərəfdaş kimi daha da ön plana çıxarıb. Azərbaycanın zəngin karbohidrogen ehtiyatları, inkişaf etmiş ixrac infrastrukturu və uzun illər ərzində formalaşdırdığı etibarlı tərəfdaş imici ölkəmizin beynəlxalq enerji bazarındakı mövqeyini gücləndirib. Məhz bu baxımdan Bakı Enerji Həftəsi enerji şirkətlərinin, investorların və hökumət nümayəndələrinin bir araya gəldiyi mühüm dialoq platforması olaraq öz aktuallığını qoruyur.

Prezident İlham Əliyevin tədbirdə iştirakı da xüsusi siyasi və iqtisadi əhəmiyyət daşıyır. Dövlət başçısının forum çərçivəsində səsləndirdiyi fikirlər Azərbaycanın enerji strategiyasının əsas istiqamətlərini müəyyənləşdirir və beynəlxalq tərəfdaşlara mühüm mesajlar verir. Son illərdə Prezident Əliyev çıxışlarında yalnız neft və qaz sektoruna deyil, eyni zamanda bərpaolunan enerji mənbələrinin inkişafına, yaşıl enerji keçidinə və enerji ixracının diversifikasiyasına xüsusi diqqət ayırır. Bu da göstərir ki, Azərbaycan ənənəvi enerji ölkəsi olmaqla yanaşı, gələcəyin enerji bazarına da hazırlaşır.

Hazırda tədbirin gündəmində olan əsas məsələlər sırasında enerji təhlükəsizliyi, Avropanın qaz təchizatında Azərbaycanın rolunun artırılması, yaşıl enerji layihələri, Xəzər dənizinin enerji potensialı, rəqəmsallaşma və enerji sektorunda innovativ texnologiyaların tətbiqi dayanır. Xüsusilə Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonası kimi inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr beynəlxalq investorların diqqət mərkəzindədir”.

yusif 1 900x498 2
Yusif Bağırzadə

Politoloq qeyd edib ki, bu tədbirlərin Azərbaycan üçün üstünlükləri çoxşaxəlidir:

“İlk növbədə, ölkəyə xarici investisiyaların cəlb olunması, yeni enerji layihələri üzrə tərəfdaşlıqların qurulması və beynəlxalq biznes əlaqələrinin genişləndirilməsi baxımından mühüm imkanlar yaranır. Digər tərəfdən, Bakı Enerji Həftəsi Azərbaycanın enerji diplomatiyasının mühüm alətlərindən biri kimi çıxış edir. Bu platforma vasitəsilə ölkəmiz həm regional enerji mərkəzi statusunu möhkəmləndirir, həm də Avropa ilə strateji əməkdaşlığını daha da dərinləşdirir.

Ümumiyyətlə, 31-ci Beynəlxalq Xəzər Neft və Qaz Sərgisi, o cümlədən Bakı Enerji Forumu təkcə iqtisadi tədbir deyil, həm də Azərbaycanın beynəlxalq nüfuzunun, enerji təhlükəsizliyinə verdiyi töhfənin və gələcək enerji strategiyasının nümayiş olunduğu mühüm geoiqtisadi platformadır. Prezident İlham Əliyevin tədbirdə iştirakı isə dövlətin enerji siyasətinə verdiyi strateji əhəmiyyəti və Azərbaycanın qlobal enerji xəritəsində mövqeyini daha da gücləndirmək niyyətini nümayiş etdirir”.

Turan Rzayev
Globalinfo.az

Paylaş: